Azərbaycan Texnologiya Universitetində Struktur Bölmələrin Monitorinqi Komissiyasının 2026–2027-ci tədris ili üzrə ilk iclası keçirilib. 

İclasa komissiyanın sədri, universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov rəhbərlik edib. O komissiyanın fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlər barədə məlumat verərək monitorinq prosesinin universitetdə keyfiyyət təminatı sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

İclasda Struktur Bölmələrin Monitorinqi Komissiyasının 2026–2027-ci tədris ili üçün fəaliyyət planının hazırlanması və növbəti tədris ilində struktur bölmələr üzrə monitorinqlərin keçirilmə ardıcıllığı müzakirə olunub.

Komissiyanın katibi, Keyfiyyət Təminatı Şöbəsinin müdiri Arzu Əsgərov fəaliyyət planının hazırlanmasının vacibliyini diqqətə çatdırıb, hər tədris semestrində ən azı bir iclasın keçirilməsinin və nəzərdə tutulan monitorinqlərin vaxtında həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İclas zamanı akkreditasiya üzrə verilmiş tövsiyələrin icrası, fəaliyyət planının hazırlanması və monitorinqlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda monitorinqlərin ilkin mərhələdə şöbələrdən başlanılması, daha sonra isə kafedra və dekanlıqlarda planlı şəkildə həyata keçirilməsi qərara alınıb.