Azərbaycan Texnologiya Universiteti (ATU) ilə dəmir yolu nəqliyyatı sahəsində dünyanın aparıcı şirkətlərindən olan “ALSTOM”un Azərbaycandakı nümayəndəsi – “ALSTOM Transport Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədə ATU-nun rektoru Yaşar Ömərov və “ALSTOM Transport Azərbaycan” MMC-nin direktoru Elşən Zeynalov Bakı şəhərində imza atıb. 

Memorandumun məqsədi universitet ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsidir.

Sənədə əsasən, tərəflər tələbələrin istehsalat təcrübəsinin təşkili, mütəxəssislərin tədris prosesinə cəlb olunması, müasir təhsil proqramlarının hazırlanması, birgə elmi araşdırmaların aparılması, master-klassların təşkili və məzunların şirkətdə təcrübə və iş imkanlarının yaradılması istiqamətində birgə əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində həmçinin dəmir yolu nəqliyyatı sahəsində elmi potensialın gücləndirilməsi, innovativ ideyaların istehsalata tətbiqi və universitet–sənaye əlaqələrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq memorandumu 3 il müddətinə imzalanıb.

Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafında aktiv iştirak edən, dəmir yolu nəqliyyat sistemləri istehsalı üzrə qlobal liderlərdən biri olan "ALSTOM" transmilli maşınqayırma şirkətidir. Şirkət yüksək sürətli qatarlar, metrolar, tramvaylar, elektrik lokomotivləri, həmçinin rəqəmsal siqnal və infrastruktur həllərinin layihələndirilməsi və istehsalı ilə məşğuldur.