Azərbaycan Texnologiya Universiteti (ATU), Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD), Qazaxıstanın Kızılorda Bolaşak Universiteti (BU) və Özbəkistanın Fərqanə Dövlət Universitetinin (FDU) birgə təşkilatçılığı ilə “Nəsirəddin Tusi II Beynəlxalq Mühəndislik və Tətbiqi Elmlər Konfransı” keçirilib.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov açılış nitqi ilə çıxış edib. O, müasir dövrdə rəqəmsallaşma, süni intellekt, ağıllı texnologiyalar və innovativ həllərin mühəndislik və tətbiqi elmlərin inkişafında həlledici rol oynadığını vurğulayıb. Bildirib ki, qlobal çağırışlar fonunda elmi biliklərin beynəlxalq əməkdaşlıq müstəvisində paylaşılması, birgə tədqiqatların aparılması və innovativ həllərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Prorektor qeyd edib ki, "Nəsirəddin Tusi II Beynəlxalq Mühəndislik və Tətbiqi Elmlər Konfransı" müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək yeni elmi tərəfdaşlıqların qurulmasına, təcrübə mübadiləsinin genişlənməsinə və mühəndislik sahəsində aktual problemlərin müzakirəsinə mühüm töhfə verir.
Plenar iclasın açılış hissəsində BU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Muratbek Embergenov, FDU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Aziza Bazarbayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı və İKSAD Azərbaycanın baş direktoru Əlvan Cəfərov, BU-nun professoru Maksud Doscanov, FDU-nun dosenti Cövhər Müseyibzadə, ATU-nun Elmi fəaliyyətin təşkili və idarə edilməsi şöbəsinin müdiri Qalibə Məmmədova çıxış edərək beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin, ortaq tədqiqatların aparılmasının və mühəndislik sahəsində innovativ yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıblar.
Tədbirdə Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Yerlan Doscanov “Torpağın münbitliyinin artırılması və bitkilərin stres amillərinə davamlılığının yüksəldilməsi məqsədilə zeolitlər və nanosorbentlər əsasında kompleks substratların işlənib hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.
Hibrid formatda təşkil olunan iki günlük konfrans işini 9 istiqamət üzrə bölmə iclaslarında davam etdirir. Beynəlxalq tədbirdə 8 ölkədən 23 universitet, 2 akademiya, 6 elmi-tədqiqat institutu və 1 dövlət qurumunun nümayəndələri iştirak edirlər. Konfransın materiallar toplusuna 100-dən çox elmi tezis qəbul olunub.