Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Paşa Holding” Amerika alimlərinin dərs vəsaitlərini tələbələrimiz üçün əlçatan edib

“Paşa Holding”in təhsilin inkişafına dəstəyi çərçivəsində Kolumbiya Universitetinin professoru Frederik Mişkin və Şərqi Karolina Universitetinin professoru Stenli İkinsin həmmüəllifi olduğu “Maliyyə bazarları və İnstitutları” (Financial Markets & Institutions. Frederic S. Mishkin, Stanley G. Eakins) kitabı Azərbaycan dilinə tərcümə edilərək çap edilib. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xətti ilə Azərbaycan Texnologiya Universitetinə ayrılan müvafiq sayda nəşr hazırda Azərbaycan Texnologiya Universitetinin kitabxanasında tələbələr və akademik heyət üçün əlçatandır. 

Tələbələr kitabxanaya müraciət edərək bu dəyərli qaynaqdan istədikləri vaxt istifadə edə bilərlər.

Qeyd edək ki, vəsait maliyyə bazarlarının əsas prinsipləri, institutların strukturu və fəaliyyət mexanizmlərini əhatə edir. Xüsusilə iqtisadiyyat, maliyyə və idarəetmə sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu nəşr nəzəri biliklərin praktikada tətbiqi üçün də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Texnologiya Universiteti bu töhfəyə görə "Paşa Holding"ə təşəkkürünü bildirir və tələbələrimizi kitabdan yararlanmağa dəvət edir.

20 Yanvar faciəsi qeyd edilib

Azərbaycan Texnologiya Universitetində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib. 

Tədbir çərçivəsində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və rəhbər heyət Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar. 

Daha sonra anım tədbiri ATU-nun böyük akt zalında davam edib.  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsindən, sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və sovet əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını alan dənizçilərdən, faciəyə siyasi-hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin rolundan bəhs edən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli film nümayiş etdirilib. 

Ardınca ATU TGT-nin təşkilatçılığı ilə ATU tələbələrinin səhnələşdirdiyi “Son həyəcan” adlı tamaşa təqdim edilib. Tamaşada 20 Yanvar tarixinin yalnız matəm günü deyil, həm də milli azadlıq hərəkatımızın, milli birliyin gücünü və iradəsini göstərən bir gün olduğu əks olunub. 

Sonda tələbələrdən Həsən Hüseynov və Turanə Bədəlovanın ifasında Müzəffər Məzaimin “20 Yanvar” şeiri səsləndirilib, tələbələrin  “Bu tarix unudulmayacaq, gənc nəsillərə çatdırılacaq, Şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq” kimi şüarları alqışlarla qarşılanıb.

İctimai Nəzarət Şurasının iclası keçirilib

Azərbaycan Texnologiya Universitetinin İctimai Nəzarət Şurasının (İNŞ) növbəti iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Nəzarət Şurası üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda İNŞ sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, üzvlərdən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İB-nin Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. Sahil Həmidov, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov iştirak edib.

İNŞ sədri və üzvləri 2024/2025-ci tədris ilinin qış imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda qış imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, 2023-cü ildə əsası qoyulan ATU İctimai Nəzarət Şurası ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.


Azərbaycan Texnologiya Universiteti daha bir Avropa universiteti ilə ikili diplom proqramına başlayıb

Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb. 

Magistratura səviyyəsində "Ekologiya mühəndisliyi" proqramı üzrə ikili diplom müqaviləsi Azərbaycan Texnologiya Universitetinin rektoru dos.Yaşar Ömərovla Sopron Universitetinin rektoru prof.dr. Attila Fabian tərəfindən imzalanıb. 

2025/2026-cı tədris ilindən başlayaraq innovativ proqram magistr tələbələrinə unikal mədəniyyətlərarası və təhsil təcrübəsi təqdim edəcək. İngilis dilində tədris olunacaq proqramın iştirakçıları iki semestr Azərbaycan Texnologiya Universitetində, digər iki semestr isə Sopron Universitetində təhsil alaraq iki müxtəlif akademik mühit təcrübəsi qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təhsilini başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin magistr dərəcələri veriləcək.

"OPTİFY" layihəsi çərçivəsində ilk görüş keçirilib

Azərbaycan Texnologiya Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Gürcüstan, Azərbaycan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəssisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması - OPTIFY” adlı layihədə tərəfdaş kimi çıxış edir.

Layihənin ilkin görüşü onlayn formatda 10 yanvar 2025-ci il tarixində keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetini layihənin ATU üzrə meneceri strateji inkişaf və rəqəmsallaşdırma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov təmsil edib.

Görüşdə layihə çərçivəsində görüləcək işlərə dair məhsuldar müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib. 

Qeyd edək ki, Azərbaycanda genişlənməkdə olan optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə yeni magistratura proqramının təsis edilməsini hədəfləyən layihə 3 il müddətində icra olunacaq.  Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində təlimləri təşkil ediləcək,  həmçinin, tərəfdaş ATM-lərin bazasında yeni tədris laboratoriyası yaradılmaqla sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq.

Gənc müəllimlər üçün tədrisdə interaktiv metodlara dair ustad dərsi təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) təcrübəli professorların iştirakı ilə gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə ustad dərsləri davam etdirilir. Bu dəfə tədbirə İqtisadiyyat kafedrasının müdiri, professor Natiq Cavadov rəhbərlik edib.

Təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin tabeliyində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, İctimai elmlər və multikulturalizm, həmçinin Xarici dillər kafedralarının gənc müəllimləri iştirak ediblər.

Professor “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda çıxış edərək müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesinə fəal cəlb olunması və yaradıcı düşüncənin inkişaf etdirilməsi barədə ətraflı danışıb.

Ustad dərsi zamanı pedaqoq öz təcrübəsindən konkret nümunələr təqdim edib, gənc müəllimlərin rastlaşa biləcəyi çətinlikləri qeyd edərək onların həlli yollarını praktik məsləhətlərlə izah edib.

Tədbir interaktiv müzakirə şəklində təşkil olunub, müəllimlər fikir mübadiləsi apararaq suallarına cavab alıblar.