Hər il 26 iyun tarixi Azərbaycan xalqı tərəfindən böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi tariximizdə xüsusi yer tutur. Silahlı Qüvvələr ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır. Güclü ordu hər bir dövlətin təhlükəsizliyinin və sabit inkişafının vacib şərtidir. Azərbaycan Ordusu da keçdiyi şərəfli inkişaf yolu ilə regionun ən güclü ordularından birinə çevrilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi 1918-ci il iyunun 26-na təsadüf edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu hadisə milli ordunun formalaşmasının başlanğıcı hesab olunur. Sonrakı dövrlərdə ölkəmizin müstəqilliyini itirməsi nəticəsində milli ordu quruculuğu prosesi dayandırılsa da, xalqımızın azadlıq və müstəqillik arzusu heç zaman sönməmişdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu yenidən gündəmə gəldi. Lakin həmin dövrdə ölkədə mövcud olan siyasi və iqtisadi çətinliklər, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Silahlı Qüvvələrin formalaşmasını mürəkkəbləşdirirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində mühüm islahatlar həyata keçirildi. Peşəkar hərbi kadrların hazırlanması, hərbi intizamın möhkəmləndirilməsi və ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Müstəqillik illərində Azərbaycan Ordusunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Ordunun müasir silah və texnika ilə təchiz olunması, beynəlxalq standartlara uyğun hərbi hazırlıq sisteminin yaradılması və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü hərbi qüvvələrindən biri statusunu qazandı.
Azərbaycan Ordusunun gücü xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində özünü bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş ruhu və vətənpərvərlik nümayiş etdirərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Bu tarixi Qələbə xalqımızın milli birlik və həmrəyliyinin, eyni zamanda Silahlı Qüvvələrimizin qüdrətinin bariz nümunəsi oldu. Şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
2023-cü ildə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması da Azərbaycan Ordusunun peşəkarlığının və gücünün növbəti göstəricisi oldu. Bu uğurlar göstərdi ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Azərbaycan əsgəri hər zaman Vətənin keşiyində ayıq-sayıq dayanaraq ölkəmizin təhlükəsizliyini qoruyur.
Silahlı Qüvvələr Günü yalnız hərbi qulluqçuların deyil, bütün xalqın bayramıdır. Bu gün vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, qazilərimizin göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilir. Eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətə və xalqa xidmət hissinin gücləndirilməsi baxımından da bu bayramın böyük əhəmiyyəti vardır.
Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir texnologiyalarla təchiz olunmuş, yüksək hazırlıqlı və peşəkar bir ordu kimi ölkəmizin təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Ordumuzun əldə etdiyi nailiyyətlər hər bir azərbaycanlının qürur mənbəyidir. Dövlətimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və Azərbaycan xalqını ürəkdən təbrik edir, ordumuza yeni uğurlar arzulayırıq. Azərbaycan Ordusu daim güclü olsun, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü əbədi yaşasın!
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!
Azərbaycan Texnologiya Universiteti
Social məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
Şahmar Umud oğlu Həsənov