Azərbaycan Texnologiya Universitetində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı soyqırımının tarixinin əks olunduğu, faciənin təfərrüatlarından bəhs edən, Xəzər Tv-nin şahidlərinin iştirakı ilə ərsəyə gətirdiyi "Danışır Xocalı" sənədli filmi nümayiş etdirilib.
Daha sonra ATU THİK və TGT-nin təşkilatçılığı ilə ATU tələbələrinin ədəbi-bədii kompozisiyası təqdim edilib.
Sonda Baku Tv-nin "Çingiz Mustafayevin kamerası çəkməyə davam etsəydi" çarxı nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universiteti (ATU) magistr və doktorantlar üçün elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti vebinar təşkil edib.
Harvard Universitetinin tədqiqatçısı Elvin Nəsibovun iştirakı ilə baş tutan vebinarın mövzusu “Tədqiqat işinin əsasları və onun aparılması metodları”na həsr edilib.
Harvard tədqiqatçısı seminarda tədqiqat işinin planlaşdırılması, metodologiya seçimi, elmi yazı qaydaları və s. kimi mühüm məsələlər ətrafında çıxış edib, magistr və doktorantların interaktiv şəkildə ünvanladığı sualları cavablandırıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə mütəmadi olaraq ustad dərsləri keçirilir. Növbəti tədbirdə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, v.m.i.e., dosent Şahid Quliyev çıxış edib.
Təlimdə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tərkibində fəaliyyət göstərən Maşın mühəndisliyi və logistika, Kimya və metallurgiya mühəndisliyi, eləcə də Yüngül sənaye mühəndisliyi və dizayn kafedralarının gənc müəllimləri iştirak ediblər.
Dosent Ş. Quliyev “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda təqdimatla çıxış edərək, müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesində aktiv iştiraka təşviq olunması, yaradıcı metodların tətbiqi və innovativ təlim texnologiyalarının rolu barədə ətraflı məlumat verib.
O, öz pedaqoji təcrübəsindən konkret nümunələr göstərərək gənc müəllimlərin üzləşə biləcəyi çətinliklər və onların həlli yolları ilə bağlı praktik məsləhətlərini də bölüşüb.
Tədbir interaktiv müzakirə formasında təşkil olunub, iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb və suallarına cavab alıblar.
Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Siedlce Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu məqsədlə hər iki təhsil müəssisəsi arasında onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru dos.Yaşar Ömərov və Siedlce Universitetinin rektoru prof.Miroslav Minkina əməkdaşlığın perspektivlərindən, hər iki təhsil ocağı üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.
Görüş çərçivəsində hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda Texnologiya Universiteti ilə Siedlce Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Azərbaycan Texnologiya Universitetində "REFRESH" layihəsi çərçivəsində Virtual öyrənmə və simulyasiya laboratoriyasının açılışı olub.
Laboratoriyanın açılış lentini Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru dos.Yaşar Ömərovla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru prof.Ədalət Muradov kəsib.
Açılış tədbirində Riyaziyyat və Mexanika İnstitutunun direktoru prof.Misir Mərdanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və UNEC-in digər rəhbər nümayəndələri də iştirak edib.
Ətraf mühitin mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərəcək Virtual öyrənmə və simulyasiya laboratoriyası UNEC-in koordinatorluğu, Avropa İttifaqının maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə həyata keçirilən "REFRESH" layihəsi çərçivəsində ərsəyə gəlib.
Laboratoriya 5 notbuk, printer və günəş panellərinin səmərəliliyini artıran mikrokontrollerli izləyici qurğusunun prototipinin hazırlanması üçün 28 adda müasir avadanlıqla təchiz edilib.
Açılış tədbirindən sonra ATU ilə UNEC arasında geniş tərkibdə görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.
Beynəlxalq əməkdaşlığı və təhsil mübadiləsini gücləndirmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov və strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Mehman Kərimov Rumıniyanın İaşi Texniki Universitetində (TUIASI) strateji səfərdə olublar.
Akademik əlaqələrin gücləndirilməsi məqsədi daşıyan səfər transsərhəd təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıb.
Səfər zamanı rektor və müşavir TUIASI-nin rəhbərliyi və professor-müəllim heyəti ilə müzakirələr aparıb, onların qabaqcıl təhsil metodologiyaları və tədqiqat təcrübələri haqqında hərtərəfli məlumat əldə ediblər. Eyni zamanda universitetin Elektronika, telekommunikasiya və informasiya texnologiyaları fakültəsini, Avtomatik idarəetmə və kompüter mühəndisliyi fakültəsini, Maşınqayırma və sənayenin idarə edilməsi fakültəsini, Sənaye dizaynı və biznesin idarə edilməsi fakültəsini və Kitabxanasını ziyarət edib, texnologiyanın akademik kurikulumlara inteqrasiyasının əhəmiyyətini nəzərə alaraq universitetin maddi-texniki bazası, qabaqcıl laboratoriyaları ilə tanış olublar.