Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Psixologiya Klubunun təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici görüş keçirilib.
Təlim universitetin psixoloqu Fərqanə Həsənova tərəfindən təqdim olunub. O, tələbələrlə psixoloji rifahın qorunması və şəxsi inkişafın gücləndirilməsi istiqamətində öz peşəkar yanaşmalarını bölüşüb.
Sessiya zamanı gündəlik həyatda qarşılaşılan psixoloji çətinliklər, emosiyaların düzgün yönləndirilməsi və streslə mübarizə üsulları müzakirə olunub. Eyni zamanda iştirakçılara özünü daha yaxşı tanımaq və daxili balansı qorumaq üçün praktik tövsiyələr verilib.
Təlim açıq dialoq şəraitində keçib, tələbələr aktiv iştirak edərək mövzu ilə bağlı fikir və suallarını səsləndiriblər.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntelektual Oyun Klubu 28 oktyabr 2025-ci il tarixində Gəncə şəhərində keçirilən “GİNius tələbə-gənclər kuboku 2025” yarımfinal mərhələsində yüksək nəticə göstərərək II yerə layiq görülüb. Yarış Gəncə Gənclər Evində təşkil olunub və müxtəlif ali təhsil müəssisələrinin komandaları arasında gərgin və maraqlı mübarizə şəraitində keçib.
Layihə çərçivəsində keçirilən “Fibonacci” intellektual-əyləncəli oyunda tələbələr bilik və məntiq bacarıqlarını sınayıblar. ATU komandası həm hazırlıq səviyyəsi, həm bilik potensialı, həm də güclü komanda ruhu ilə seçilərək uğura layiq görülüb.
Qeyd edək ki, bu cür intellektual yarışlar tələbələrin analitik düşüncə bacarıqlarını inkişaf etdirməsi, dünyagörüşünün genişlənməsi və sağlam rəqabət mühitinin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Mentor Klubunun növbəti təlimi təşkil olunub.
Təlimçi universitetin İdarəetmə kafedrasının baş müəllimi, II dərəcəli dövlət qulluqçusu Əsgər Babazadə olub. O, öz peşəkar təcrübəsini və biliklərini tələbələrlə bölüşərək onların karyera planlaması istiqamətində maariflənməsinə töhfə verib.
“Karyera yol xəritəsi” mövzusunda keçirilən təlimdə iştirakçılara düzgün karyera seçimi, məqsədlərin müəyyənləşdirilməsi, fərdi inkişaf planının hazırlanması və əmək bazarında rəqabət qabiliyyətinin artırılması ilə bağlı ətraflı məlumat verilib. Təlim zamanı real nümunələr əsasında izahlar aparılıb və tələbələrin sualları cavablandırılıb.
İnteraktiv formatda təşkil olunan görüş tələbələrin böyük marağına səbəb olub və onların gələcək karyera hədəflərinin formalaşmasına dəstək verib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunan “Cisco Networking Academy” və “IBM SkillsBuild” platformaları üzrə beynəlxalq təlimləri uğurla tamamlayıblar.
Kafedranın 13 nəfər olmaqla bütün müəllim əməkdaşları “Kibertəhlükəsizlik” və “Süni İntellektin Əsasları (AI Fundamentals)” mövzularında keçirilən təlimlərdə iştirak edərək “Cisco” və “IBM”-in beynəlxalq səviyyədə tanınan sertifikatı ilə təltif olunublar.
Proqram çərçivəsində iştirakçılar süni intellektin əsas konsepsiyaları — təbii dilin emalı (Natural Language Processing, NLP), kompüter görməsi (Computer Vision), maşın öyrənməsi (Machine Learning), dərin öyrənmə (Deep Learning), neyron şəbəkələr (Neural Networks) və çatbot texnologiyaları sahəsində nəzəri və praktiki biliklər əldə ediblər. Eyni zamanda, süni intellekt sistemlərinin etik aspektləri — ədalətlilik, şəffaflıq, məxfilik və izahlılıq (explainability) prinsipləri üzrə bacarıqlar formalaşdırılıb.
Təlimin sonunda iştirakçılar “IBM Watson Studio” mühitində maşın öyrənməsi layihələri qurmaq və süni intellekt tətbiqlərinin müxtəlif peşə sahələrində istifadəsini izah etmək kimi praktiki tapşırıqları uğurla yerinə yetiriblər.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Mentor Klubunun növbəti inkişafyönümlü təlim sessiyası reallaşdırılıb.
Təlim Səkinə Xanbutayeva tərəfindən aparılıb. ATU-nun Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin tələbəsi olan mentor şəxsi inkişaf və psixoloji bacarıqlar istiqamətində əldə etdiyi bilikləri iştirakçılarla bölüşüb, mövzuya fərqli yanaşmalar təqdim edib.
“Emosional zəka” mövzusuna həsr olunan təlimdə duyğuların idarə olunması, empati qurma bacarığı və sosial münasibətlərdə düzgün davranış modelləri barədə məlumat verilib. İştirakçılar emosional zəkanın həm gündəlik həyatda, həm də gələcək karyerada əhəmiyyəti ilə bağlı praktiki nümunələr əsasında maarifləndirilib.
Təlim dinamik müzakirələr və interaktiv tapşırıqlarla müşayiət olunub, tələbələr öz emosional reaksiyalarını daha yaxşı anlamaq və idarə etmək üçün faydalı biliklər əldə ediblər.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Gəncə Memorial Hospital arasında əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim heyəti, digər əməkdaşları və tələbələri üçün klinikada endirimli qiymətlərlə tibbi müayinə və xidmətlərdən yararlanmaq imkanı yaradılıb.
Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Gəncə Memorial Hospitalı ATU əməkdaşlarına geniş spektrdə – laborator analizlər üçün 25%, rentgen və ultrasəs müayinələri, terapevtik və ixtisaslaşmış tibbi xidmətlər üzrə isə 20% güzəştlər təqdim edəcək.
Əməkdaşlığın məqsədi universitet kollektiv və tələbələri üçün sağlamlıq imkanlarının əlçatanlığını artırmaq, profilaktik müayinələrin səmərəliliyini təmin etmək və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.