Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Elm, Təhsil və Ana Dilimiz: Cənab Prezidentin müəyyən etdiyi Milli İnkişafın Strateji Prioritetləridir

     Müasir dünyada dövlətlərin gücü təkcə iqtisadi resursları və hərbi potensialı ilə deyil, eyni zamanda elm, təhsil və milli-mənəvi dəyərlərə verdiyi önəmlə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə ölkəmizin qarşıdakı inkişaf strategiyasının əsas istiqamətlərini bir daha təsdiqlədi. Bu müsahibədə dövlət başçısı iqtisadi, siyasi və sosial sahələrlə yanaşı, ölkəmizin gələcəyi üçün həyati əhəmiyyət daşıyan elm və təhsil sahəsində gedən islahatlar və Azərbaycan dilinin qorunması məsələləri barədə də geniş fikir bildirdi.

    Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın dayanıqlı və uzunmüddətli inkişafı məhz bu sahələrin harmonik şəkildə inkişafından asılıdır. Xüsusilə elm və təhsilin müasirləşdirilməsi ilə yanaşı, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Prezidentin bu müsahibəsi yalnız cari dövrün məsələlərini şərh etməklə məhdudlaşmır – Azərbaycanın gələcəyinə strategiya baxışı təqdim edir. Bu baxışda elm, təhsil və ana dilinin qorunması üç ən vacib sütun kimi önə çıxır.

      Müsahibədə cənab Prezident qeyd etdi ki, ölkədə elm və təhsil sahəsində struktur islahatları aparılır və bu iki sahənin daha da inteqrasiya olunması vacibdir. Dövlət siyasətində elm və təhsilin ayrılmaz hissə olması yalnız təcrübi biliklərin deyil, mütəxəssis kadrların hazırlanması sisteminin yenidən qurulması deməkdir.  Müasir  dünyada rəqabətə davamlı olmaq üçün yüksək ixtisaslı kadrların hazırlanması, elmi araşdırmaların stimullaşdırılması və innovativ düşüncənin formalaşdırılması zəruridir. Bu baxımdan son illərdə Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi, məktəblərin və ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində mühüm addımlar atılmışdır.

      Prezident bildirdi ki, inkişaf etmiş ölkələrdə elm və təhsil bir yerdə vəhdət təşkil edir, bunun nəticəsində yüksək texnologiyalı sənayelər, innovativ startaplar və rəqabətqabiliyyətli iqtisadiyyat yaranır. Biz də bu modeli Azərbaycan üçün seçmişik. Bu isə yalnız məktəblərdə və universitetlərdə  yaxşı təhsil almaq deyil, eyni zamanda elmi tədqiqatların gücləndirilməsi ilə milli potensialın artırılması deməkdir. Prezident müsahibəsində bildirdi ki, elmi-tədqiqat institutları modernləşdirilir və bir-biri ilə əlaqələndirilir daha müasir və dinamik kadrlar önə çəkilir. Bu, yalnız idarəetmə strukturunun dəyişməsi deyil, həm də elm və təhsilə investisiyaların artırılması ilə  nəticələnməlidir.

Paralel olaraq, Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, təhsil yalnız bilik ötürülməsi deyil, həm də vətənpərvər, milli kimliyinə bağlı, dünyagörüşü geniş gənclərin formalaşdırılması prosesidir. Elmə əsaslanan iqtisadiyyatın qurulması, rəqəmsal texnologiyaların tətbiqi, süni intellekt və innovasiya sahələrində irəliləyiş məhz savadlı və hazırlıqlı gənclərin hesabına mümkün ola bilər.

      Cənab Prezident müsahibəsində bildirdiyi kimi, yalnız təhsilin miqdarı ilə deyil, təhsilin keyfiyyəti ilə də maraqlanmalıyıq. Bu özünü müəllim hazırlığında, dərsliklərin səviyyəsində, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında göstərməlidir. Belə bir yanaşma ölkənin gələcək nəslinin rəqabətə davamlı olmasını təmin edəcək və hər bir gəncin yalnız bilikli deyil, həm də düşünən, tənqidi analiz qabiliyyətinə malik bir şəxs kimi yetişməsinə şərait yaradacaq.

      Elmin inkişafı beynəlxalq əməkdaşlıq tələb etsə də, bu proses milli maraqlara uyğun şəkildə həyata keçirilməlidir. Prezidentin müsahibələrində qeyd edildiyi kimi, Azərbaycan alimləri dünya elmi məkanına inteqrasiya etməli, lakin eyni zamanda ölkənin prioritet problemlərinin həllinə yönəlmiş tədqiqatlara üstünlük verməlidirlər. Enerji təhlükəsizliyi, ekologiya, kənd təsərrüfatı, informasiya texnologiyaları və humanitar elmlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

     Humanitar elmlərin, xüsusilə dilçilik, tarix və ədəbiyyat sahələrinin inkişafı milli kimliyin qorunmasında mühüm rol oynayır. Bu sahələrdə aparılan elmi tədqiqatlar xalqın keçmişini, mədəniyyətini və mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək baxımından əvəzsizdir.

      Dil məsələsinə də toxunan Cənab Prezident bildirdi ki, Azərbaycan dilinin qorunması – milli varlığımızın əsasıdır. Ana dili hər bir xalqın milli varlığının, mədəni irsinin və mənəvi dəyərlərinin daşıyıcısıdır. Dilini itirən xalq öz kimliyini də itirmək təhlükəsi ilə üz-üzə qalır. Buna görə də Azərbaycan dilinin saflığının qorunması, onun dövlət idarəçiliyində, təhsildə, elmdə və kütləvi informasiya vasitələrində düzgün və səlis şəkildə işlədilməsi son dərəcə vacibdir. Qloballaşma və xarici dillərin təsirinin artdığı bir dövrdə ana dilinə biganə yanaşma yolverilməzdir. Xarici dillərin öyrənilməsi zəruridir, lakin bu, ana dilinin hesabına olmamalıdır. Gənclər bir neçə dil bilməli, lakin hər şeydən əvvəl Azərbaycan dilində düzgün danışmalı, yazmalı və düşünməlidirlər.

      Cənab Prezident qeyd etdi ki, əgər bir xalq öz dilini qoruyub saxlayıbsa və bunu nəsillər boyu edibdirsə, bu – böyük nailiyyətdir. Ancaq bugünkü  dünyada ana dili qorumaq yalnız keçmişin irsini yaşatmaq deyil, həm də gələcəyə toxunmaqdır.

      Nəticə etibarilə, cənab Prezidentin mətbuata verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, elm, təhsil və Azərbaycan dilinin qorunması bir-biri ilə sıx bağlı olan strateji istiqamətlərdir. Güclü dövlət qurmaq üçün savadlı gənclər, inkişaf etmiş elm və möhkəm milli-mənəvi dəyərlər zəruridir. Azərbaycan dili isə bu dəyərlərin mərkəzində dayanır. Hər bir vətəndaş, xüsusilə gənclər ana dilinə hörmət etməli, onu qorumalı və inkişaf etdirməlidir. Çünki dilimizi qorumaq – tariximizi, mədəniyyətimizi və gələcəyimizi qorumaq deməkdir.

      Cənab Prezidentin yanvarın 5-də verdiyi müsahibə bir daha təsdiqlədi ki, Azərbaycan üçün elm, təhsil və ana dilinin qorunması yalnız ayrı-ayrı sahələr deyil, milli inkişaf strategiyasının üç əsas sütunudur. Bu üç istiqamət birlikdə Azərbaycan üçün dayanıqlı və güclü gələcəyin təminatıdır.

 

 

Azərbaycan Texnologiya Universiteti

sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Şahmar Umud oğlu Həsənov

 

 

Azərbaycan Texnologiya Universitetində rəhbər heyətə yeni təyinatlar

Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə Toğrul Sadıqov, İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə isə Elnur Əhmədov təyin edilib. 

📊 Strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Toğrul Hüseyn oğlu Sadıqov 11 yanvar 1984-cü ildə Şuşa şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinin bakalavr, 2009-cu ildə isə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi fakültəsinin magistr məzunu olub.

Toğrul Sadıqov müxtəlif illərdə “Unibank” ASC-nin Gəncə filialında aparıcı mütəxəssis, “Bank Respublika” ASC-də departament rəhbəri müavini, Gəncə filialının müdir müavini və Goranboy filialının müdiri vəzifələrində çalışıb, Alman–Azərbaycan Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib. Proqramlaşdırma sahəsində 5 ildən artıq təcrübəyə malikdir.

🚀 İnnovasiya Mərkəzinin direktoru Elnur Zülfüqar oğlu Əhmədov isə 29 iyul 1990-cı ildə Gəncə şəhərində anadan olub. O, 2008-ci ildə 637 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olub, daha sonra təhsilini eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura səviyyəsində davam etdirib. 2023–2024-cü illərdə ABŞ-ın Virciniya ştatında yerləşən “IVY College”də ingilis dili proqramı üzrə təhsil alıb.

Elnur Əhmədov beynəlxalq təcrübəyə malikdir, müxtəlif illərdə “Unibank” ASC, “Veysəloğlu” MMC şirkətlərində müxtəlif vəzifələrdə, “X-Link”, “Syscon Azerbaijan”, ABŞ-yə məxsus “Utilities One”,  Çinə məxsus “Anhui Runke Import and Export Trade Co., LTD” şirkətlərində direktor vəzifələrində çalışıb.

 

 

Prezident İlham Əliyev: “Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində elm və təhsillə bağlı vacib məqamlardan bəhs edib:

 

“Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik”.

 

 

 


Qiyabi təhsilalma forması üzrə dərslərə start verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) bu gündən cari tədris ilinin payız semestrinin qiyabi təhsilalma forması üzrə dərsləri başlanıb.

ATU-nun rektoru Yaşar Ömərov qiyabi təhsil alan tələbələrlə görüşərək dərs prosesini izləyib. Görüş zamanı rektor tələbələrə müvəffəqiyyətlər arzulayaraq tövsiyələrini verib. 

Qeyd edək ki, ATU-da qiyabi təhsil prosesindəl hazırda 17 müxtəlif ixtisas ürə  730  tələbə təhsil alır.

 

Bədii Yaradıcılıq Mərkəzinin tələbələrinin konserti təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bədii Yaradıcılıq Mərkəzinin (BYM) tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Tədbiri ATU-nun rektoru Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri izləyiblər.

Konsert proqramı BYM-nin rəhbəri Etibar İsmayılovanın təşkilatçılığı ilə hazırlanıb. Proqram çərçivəsində tələbələr – İsmayıl Aydınov, Elmir Xəlilov, Xanım Hüseynova, Nurtən Dosməmmədli, Yusif Əsgərzadə, Cəbrayıl Cəbrayıllı, Zəhra Abdullayeva, Ləman Qasımova, Nazim Hüseynov, Aynur Nəzirova, Günay Qarayeva, Sadiq Salahlı, Arif Həmzəyev, Mirsadiq Həşimov, Adəm Qasımzadə, İsmayıl İsmayılov, Şəhriyar Əliyev və nigeriyalı tələbə Avery Kingsley müxtəlif musiqi alətlərində ifa edib, nəğmələr səsləndiriblər. 

Rəngarəng ifalarla yadda qalan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

ATU bayram gecəsi təşkil edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) 55 illik yubileyinə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram gecəsi təşkil edilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək 2025-ci ildə əldə olunan nailiyyətlərdən, görülən işlərdən və qarşıda duran əsas hədəf və planlardan bəhs edib.

Bayram gecəsində çıxış edən professor-müəllim heyəti universitetin keçdiyi inkişaf yoluna toxunub, yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbir çərçivəsində universitetin tarixinə həsr olunmuş viktorinalar keçirilib. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.

Sonda Azərbaycan Texnologiya Universitetinin 55 illiyi münasibətilə hazırlanan yubiley tortu kəsilib.