Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU əməkdaşı elmi dərəcəyə layiq görülüb

Azərbaycan Texnologiya Universitetinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.11.2025-ci il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və eskpertiza kafedrasının əməkdaşı Afaq  Sahib qızı Bağırzadəyə 3309.01 - Qida məhsullarının texnologiyası ixtisasında texnika elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Fakültələrarası voleybol birinciliyi yekunlaşıb

Azərbaycan Texnologiya Universitetinin 55 illiyinə həsr olunmuş qızlar və oğlanlar arasında fakültələrarası voleybol birinciliyi keçirilib. Yarışda İqtisadiyyat və idarəetmə (İE), Yüngül sənaye mühəndisliyi və logistika (YSML) və Qida mühəndisliyi (QM1, QM2) fakültələrinin ümumilikdə 4 komandası iştirak edib.

İlk oyunda QM1 komandası İE komandasına 2:0 hesabı ilə qalib gəlib. İkinci oyunda isə YSML komandası QM2 komandasına 3:1 hesabı ilə qalib gəlib. 

Oyunun ikinci günündə III yer uğrunda QM2 və İE komandaları qarşılaşıb, oyun QM2 komandasının qələbəsi ilə yekunlaşıb. 

Final oyununda isə QM1 komandası ilə YSML komandası gərgin mübarizə aparıb və QM1 komandası fakültələrarası voleybol birinciliyinin kubokuna sahib olub.  

Beləliklə, QM 1 komandası I yeri, YSML komandası II yeri, QM2 komandası isə III yeri tutub. 

Yarışda iştirak edən və fərqlənən tələbələr universitetin voleybol üzrə yığma komandasına cəlb ediləcək. Qeyd edək ki, yığma komanda dekabrın əvvəlində baş tutacaq voleybol üzrə zona birinciliyində təmsil olunacaq.

 

 

"Zəfərimiz əbədidir" adlı III regional intellektual yarış keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı, “AZERSUN”, N1 Çörək Zavodu və Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərin 5 illiyinə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı III regional intellektual yarış keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib, yarışın məhz bu ay keçirildiyinin rəmzi məna daşıdığını vurğulayaraq noyabr ayının dövlət əhəmiyyətli tarixlərlə zəngin olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il ötür və milli azadlıq hərəkatı, Zəfər tarixi də məhz noyabr ayına təsadüf edir. Rektor yarışın artıq ənənəvi hal aldığını, tələbələrin bilik, düşünmə və doğru qərarvermə bacarıqlarını gücləndirməyə, vətənpərvərlik hissini möhkəmləndirməyə xidmət etdiyini deyərək komandalara uğurlar arzu edib.

Yarışda respublikanın 14 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.

3 mərhələdən ibarət yarış Gəncə Dövlət Universitetinin tələbələrinin qalibiyyəti ilə yekunlaşıb. İntellektual yarışda ikinci yeri Azərbaycan Texnologiya Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri tutub. Qalib komanda kubok və hədiyyələrlə təltif edilib. 
 
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.

 

 


Yeni kafedra müdiri seçilib

Dosent Şahin Quliyev Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika  kafedrasının müdiri vəzifəsinə seçilib. 

Şahin Məmməd oğlu Quliyev 1976-cı ildə Ukrayna Respublikasının Xarkov İnşaat Mühəndisliyi İnstitutunun məzunu olub. 1979-cu ildə həmin institutun aspirantura səviyyəsini bitirib. 1981-ci ildə Xarkov Aviasiya İnstitutunda elmlər namizədi dissertasiyasını müdafiə edib. 1981-ci ildən Azərbaycan Texnologiya Universitetində fəaliyyətə başlayıb. Müxtəlif dövrlərdə assistent (1981-1992), baş müəllim (1992/93), dosent (1993/2023), Tədris şöbəsinin müdiri (2014/15),  Keyfiyyət mühəndisliyi kafedrasının müdiri (2016/2018) vəzifələrində çalışıb. 2025-ci ilin yanvarından Maşın mühəndisliyi və logistika  kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edib. 

Müxtəlif dövrlərdə Kəpəz rayon bələdiyyəsinin üzvü, hüquq və beynəlxalq əlaqələr daimi komissiyasının sədri seçilib. 

1 patentin, 70-dən çox elmi əsərin müəllifidir.

Elmi Şuranın iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr, həmçinin 2026/2027-ci tədris ili üzrə qəbul planı barədə məruzə ilə çıxış edib. 

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun, Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri v.m.i.e. Qədir Novruzovun, Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərovun və Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənlinin hesabatları dinlənilib. 
İclasda tədris-metodiki vəsaitlərin təsdiqi, struktur dəyişikliyi kimi bir sıra müxtəlif məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Texnologiya Universiteti "AD Scientific Index 2026" reytinqində ölkə üçüncüsü oldu

Azərbaycan Texnologiya Universiteti (ATU) elmi göstəricilərə əsaslanan "AD Scientific Index 2026" beynəlxalq reytinqində növbəti böyük uğura imza atıb. Universitet Azərbaycan üzrə bir pillə irəliləyərək ilk üçlükdə yer alıb, region universitetləri arasında isə liderliyini qoruyub.
 
Bu nəticələr "AD Scientific Index" platformasının Azərbaycan üzrə açıqladığı - 54 universitet və elmi institut, eləcə də 2 289 alim üzrə aparılmış geniş təhlilin yekunlarında öz əksini tapır. Reytinq universitetlərin elmi məhsuldarlıq səviyyəsi, tədqiqat göstəriciləri, elmi işlərə edilən sitatlar və alimlərin qlobal elmi nüfuzu əsasında müəyyən edilir.
 
Ölkədə universitetlərin ilk üçlüyü aşağıdakı kimi formalaşıb:
1-ci yer Bakı Dövlət Universiteti, 2-ci yer Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 3-cü yer Azərbaycan Texnologiya Universiteti
 
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti “AD Scientific Index”in daha əvvəlki reytinq cədvəlində ölkə üzrə 4-cü, region universitetləri arasında isə yenə də 1-ci yerdə idi.