Azərbaycan Texnologiya Universitetində (ATU) yeni qəbul olunmuş tələbələrin universitet həyatına uyğunlaşmasını asanlaşdırmaq məqsədilə Tanışlıq Günü keçirilib.
Görüş zamanı birinci kurs tələbələrinə universitetin strukturu və idarəetmə sistemi, tədris prosesinin təşkili, fakültələrin yerləşməsi və kafedraların fəaliyyəti barədə məlumat verilib. Tələbələr fakültə rəhbərləri, akademik məsləhətçilər və kafedraların fəaliyyəti ilə tanış olub, auditoriyalara baxış keçiriblər.
Tədbirdə həmçinin universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və digər məsələlər barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Digər şəhər və rayonlardan Gəncəyə gələn tələbələrə isə yaşayış imkanları, kirayə bazarı və yaşayış obyektlərinin seçimi, eləcə də təhlükəsiz yaşayış mühiti ilə bağlı tövsiyələr təqdim olunub.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ATU-nun bakalavriat səviyyəsinə 1524 nəfər qəbul olub.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov universitetə yeni qəbul olunmuş şəhid ailəsi üzvü Aysel Mürsəlzadə və atası Cəsur Mürsəlzadə ilə görüşüb.
Rektor Ayseli universitetə qəbul olması münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Görüş zamanı rektor tələbənin fikirləri ilə maraqlanılıb, universitetə adaptasiyası və təhsil prosesi ilə bağlı məsələlərə diqqət çəkib. Şəhid ailələrinin üzvlərinə ATU-da təhsilləri müddətində hərtərəfli dəstək göstəriləcəyi diqqətə çatdırılıb.
Ailə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Aysel Mürsəlzadə ATU-nun menecment ixtisasını seçib. Onun qardaşı Elməddin Mürsəlzadə 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Daha sonra Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov yay imtahan sessiyasının nəticələri barədə məruzə edib və Apellyasiya Komissiyasının hesabatını təqdim edib.
İclasda Rəqəmsal sistemlər və dəqiq elmlər kafedrasının müdiri Məntiq Cəfərovun hesabatı dinlənilib.
Elmi Şurada həmçinin, Keyfiyyət təminatı şöbəsinin müdiri Arzu Əsgərovun təqdimatı ilə Akkreditasiya Komissiyasının yekun hesabatında qeyd olunan tövsiyə və göstərişlərin icrası məqsədilə hazırlanmış fəaliyyət planı müzakirə olunub.
Bundan əlavə prorektor Sahil Həmidovun təqdimatı ilə yeni ixtisasların açılmasına dair işçi qrupun məlumatları, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təklifi ilə ştat cədvəlində dəyişiklik edilməsi, məsləhətçi professor vəzifəsinin təsdiq edilməsi və müvafiq əsasnamənin qəbulu, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun təqdimatı əsasında magistratura pilləsi üzrə təhsil və tədris proqramlarının təsdiq edilməsi kimi digər məsələlər müzakirəyə çıxarılıb.
Müzakirələrin yekununda gündəlikdəki məsələlərlə bağlı Elmi Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Kimya və metallurgiya kafedrasının “Azəralüminium” zavodunda yerləşən filialı mərhum professor Cəmil Səfərovun adını daşıyacaq. Bununla bağlı qərar ATU Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Kimya və metallurgiya kafedrasının “Azəralüminium” zavodunda yerləşən filialı 2019-cu ildə mərhum professor Cəmil Səfərovun təşəbbüsü ilə yaradılıb. Filial universitet-sənaye əməkdaşlığının inkişafı, tələbələrin istehsalat mühiti ilə yaxından tanış olması və metallurgiya sahəsi üzrə praktiki biliklər əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Professor Cəmil Səfərov ATU-nun Kimya və metallurgiya kafedrasının professoru olmaqla yanaşı, “Azəralüminium” Gəncə İstehsalat Kompleksinin direktoru vəzifəsində çalışıb. O, geniş elmi-pedaqoji təcrübəsi ilə metallurgiya sənayesi üçün peşəkar kadr hazırlığına, eləcə də ATU ilə “Azəralüminium” arasında əməkdaşlığın qurulmasına və universitet-sənaye əlaqələri çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib.
Cəmil Səfərov 2026-cı il yanvarın 8-də qəfil vəfat edib. Onun elm və sənaye arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti, eləcə də universitetin metallurgiya sahəsində kadr hazırlığına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.
Azərbaycan Texnologiya Universitetində (ATU) 2026/2027-ci tədris ilinə hazırlıqla bağlı iclas keçirilib. ATU-nun rektoru Yaşar Ömərovun rəhbərliyi ilə keçirilən iclasda universitetin rəhbər heyəti, fakültə dekanları, kafedra müdirləri, mərkəz və şöbə rəhbərləri iştirak ediblər.
İclasda yeni tədris ilinin qarşıda duran əsas vəzifələri və hazırlıq prosesinin gedişi müzakirə olunub. Rektor Yaşar Ömərov iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, 2026/2027-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə qəbulun nəticələri barədə məlumat verib.
Görüş zamanı tədris prosesinin səmərəli təşkili ilə bağlı məsələlərə diqqət yetirilib. Dərs yüklərinin və dərs cədvəllərinin vaxtında hazırlanaraq təqdim olunması, tədris prosesinin başlanmasına hazırlıq işlərinin tam və operativ şəkildə başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
İclasda yeni tədris ilində universitet qarşısında duran digər məsələlər də müzakirə olunaraq onların icrası ilə bağlı konkret göstərişlər verilib