Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı, “AZERSUN”, N1 Çörək Zavodu və Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərin 5 illiyinə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı III regional intellektual yarış keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib, yarışın məhz bu ay keçirildiyinin rəmzi məna daşıdığını vurğulayaraq noyabr ayının dövlət əhəmiyyətli tarixlərlə zəngin olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il ötür və milli azadlıq hərəkatı, Zəfər tarixi də məhz noyabr ayına təsadüf edir. Rektor yarışın artıq ənənəvi hal aldığını, tələbələrin bilik, düşünmə və doğru qərarvermə bacarıqlarını gücləndirməyə, vətənpərvərlik hissini möhkəmləndirməyə xidmət etdiyini deyərək komandalara uğurlar arzu edib.

Yarışda respublikanın 14 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.

3 mərhələdən ibarət yarış Gəncə Dövlət Universitetinin tələbələrinin qalibiyyəti ilə yekunlaşıb. İntellektual yarışda ikinci yeri Azərbaycan Texnologiya Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri tutub. Qalib komanda kubok və hədiyyələrlə təltif edilib. 
 
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.