Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU tələbəsi Azərbaycan çempionatında ikinci olub

Azərbaycan Texnologiya Universitetinin Turizm işinin təşkili ixtisasının 3-cü kurs tələbəsi Renat Abbasov pankration və qrapplinq idman növləri üzrə keçirilən Azərbaycan çempionatı və U-20 Respublika turnirində uğurlu nəticə əldə edib.

77 kq çəki dərəcəsində mübarizə aparan tələbəmiz yarışda II yerə layiq görülüb. 

Renat Abbasov dəfələrlə respublika və şəhər yarışlarının qalibi olub. Tələbəmizi təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

 

🚀  Rektor “Startapçı tələbə” təqaüd proqramının ilk qalibləri ilə görüşüb

Azərbaycan Texnologiya Universitetinin (ATU) “Startapçı tələbə” təqaüd proqramının ilk qalibləri müəyyənləşib. Məmmədov Ayxan, Quliyev Turan, Nağıyev Uğur və Abbasov İsmayıl universitetin “Startapçı tələbə” təqaüdünə layiq görülüblər. 

Universitetin rektoru Yaşar Ömərov onlarla görüşərək bu uğur münasibəti ilə təbrik edib. Həmçinin universitetin İnnovasiya Mərkəzinin dəstəyi ilə indiyədək ərsəyə gətirdikləri layihələri və fəaliyyətləri ilə tanış olub. Söhbət zamanı tələbələrin üzərində çalışdıqları layihələrin inkişaf perspektivləri, onların praktiki tətbiqi və bu istiqamətdə universitetin yarada biləcəyi imkanlar müzakirə edilib.

Yaşar Ömərov tələbələrə yeni layihələri üzərində davamlı işləməyi və praktik nəticəyə çevirməyi tövsiyə edib. Rektor universitetdə bu istiqamətdə yaradılan imkanlardan yararlanmağın tələbələrin həm layihələrinin inkişafına, həm də praktiki təcrübələrinin genişlənməsinə imkan verəcəyini bildirib.

Qeyd edək ki, “Startapçı tələbə” təqaüd proqramı Azərbaycan Texnologiya Universitetinin daxili proqramıdır və bu ilin mart ayında təsis edilib. Proqram çərçivəsində qaliblərin hər birinə aylıq 150 manat məbləğində təqaüd veriləcək.

Seçim zamanı tələbələrin real bacarıqları, layihə təcrübəsi və innovativ fəaliyyəti əsas meyarlar kimi nəzərə alınıb. İstifadəçi bazası olan, tətbiqlər hazırlayan, texnoloji layihələr üzərində çalışan və praktik nəticələr ortaya qoyan tələbələrə üstünlük verilib.

Proqramın əsas məqsədi təqaüd imkanlarını yalnız yüksək akademik göstəricilərlə məhdudlaşdırmamaq, eyni zamanda ideya yaradan, layihə hazırlayan, innovativ düşüncəsi və təşəbbüskarlığı ilə seçilən tələbələri də dəstəkləməkdir.

 

Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsi və YAP-ın  siyasi-strateji prioritetləri

Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı ildə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı yeni mərhələdə keçirilən ilk YAP qurultayı kimi xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə geniş nitq söyləmişdir. İlham Əliyevin çıxışını yalnız partiya qurultayında səsləndirilmiş siyasi nitq kimi deyil, həm də Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin prioritetlərini ifadə edən konseptual sənəd kimi qiymətləndirmək mümkündür. Çıxışda tarixi-siyasi irs, əldə edilmiş nəticələr və gələcək strateji məqsədlər vahid məntiqi çərçivədə təqdim edilir. Ölkə Prezidentinin qurultaydakı çıxışı respublikamızın müasir ictimai-siyasi inkişafının əsas istiqamətlərinin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edi

Prezident öz çıxışında qurultayın keçirilməsinin Azərbaycan üçün nə qədər önəmli bir dövrə təsadüf etdiyini də xüsusilə vurğuladı: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdi və bütün dünya bizim Zəfərimizdən danışırdı”.

Çıxışın əsas istiqamətlərindən birini dövlətçilik və siyasi varislik konsepsiyaları kontekstində Azərbaycan dövlətçiliyinin inkişafında Yeni Azərbaycan Partiyasının rolunun elmi-nəzəri baxımdan qiymətləndirilməsi təşkil edir. İlham Əliyev YAP-ın 1992-ci ildə təsis edilməsini Azərbaycanın sonrakı siyasi inkişafının başlanğıc mərhələsi ilə əlaqələndirir və Heydər Əliyevin siyasi irsini müasir dövlət siyasətinin əsas dayaqlarından biri kimi təqdim edir. Nitqdə müstəqillik, dövlətçilik və güclü hərbi potensial uzunmüddətli siyasi kursun əsas elementləri kimi xarakterizə olunur. Burada diqqətçəkən məqam siyasi varislik ideyasının dövlət inkişafının davamlılığı ilə əlaqələndirilməsidir. Çıxışda əvvəlki dövrdə formalaşdırılmış siyasi və iqtisadi strategiyanın dəyişən şəraitdə yeni taktiki və strateji məqsədlərlə tamamlandığı vurğulanır. Beləliklə də, dövlət siyasətində davamlılıq və yeni reallıqlara adaptasiya bir-birini tamamlayan amillər kimi təqdim olunur: “Bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ən əsası Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir”.

VIII Qurultayın mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olmasıdır. Prezidentin çıxışında 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında baş verən hadisələr Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələri kimi qiymətləndirilmiş, bu proseslərin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında həlledici rol oynadığı vurğulanmışdır. Xüsusilə 8 noyabr və 20 sentyabr tarixlərinin Azərbaycan dövlətçiliyinin müasir inkişafında xüsusi siyasi və tarixi əhəmiyyət daşıdığı qeyd edilmişdir. Sözügedən tarixlər yalnız hərbi-siyasi nailiyyətlərin simvolu kimi deyil, həm də Azərbaycanın yeni siyasi mərhələyə keçidini şərtləndirən mühüm hadisələr kimi xarakterizə olunur. Bu baxımdan, ərazi bütövlüyünün və suverenliyin tam təmin edilməsi dövlətin siyasi prioritetlərinin yenidən müəyyənləşdirilməsi, milli inkişaf strategiyasının yeni reallıqlara uyğunlaşdırılması və ölkənin daxili və xarici siyasətində yeni mərhələnin formalaşması üçün mühüm əsas yaratmışdır.

İdeoloji təhlükəsizlik və təhsil amili də çıxışın aktual istiqamətlərindən biri kimi özünü göstərir. İlham Əliyev müasir informasiya, internet, kiberməkan və süni intellekt mühitində ideoloji risklərin dövlət sərhədləri ilə məhdudlaşmadığını qeyd edir. Bu baxımdan ideoloji təhlükəsizliyin təmin edilməsində təhsil və vətənpərvərlik mühüm vasitələr kimi göstərilir: “Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir... Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.

 Ənənəvi təhlükəsizlik konsepsiyası hərbi və fiziki təhlükələri əsas götürdüyü halda, müasir şəraitdə informasiya təhlükəsizliyi, rəqəmsal mühit və cəmiyyətin informasiya savadlılığı da mühüm amillərə çevrilir. Çıxışda təhsilli və məlumatlı cəmiyyətin dezinformasiya və manipulyativ təsirlərə qarşı daha dayanıqlı olması fikri irəli sürülür.

 Çıxışın digər mühüm istiqaməti Azərbaycanın regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsidir. İlham Əliyev Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsini Azərbaycanın tranzit potensialının artırılması baxımından mühüm hesab edir: “... sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq”. Burada nəqliyyat dəhlizlərinin inkişafı həm iqtisadi gəlirlərin, həm də ölkənin regional əlaqələr sistemində rolunun artmasına xidmət edən istiqamət kimi təqdim olunur.

Təhlükəsizliyin və sabitliyin qorunması bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlərdən biridir. Ölkəmizdə mövcud olan əmin-amanlıq və sabitlik təsadüfi deyil, məqsədyönlü siyasətin və görülən ardıcıl tədbirlərin nəticəsidir. Bu reallığı nəzərə alaraq, təhlükəsizlik məsələsinə yalnız mövcud vəziyyətin qorunması kimi deyil, həm də gələcək risklərin qabaqcadan müəyyənləşdirilməsi və qarşısının alınması kontekstində yanaşmaq vacibdir: “Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır”.

İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın yeni siyasi və geosiyasi şəraitdə qarşısında duran prioritetləri kompleks şəkildə əks etdirir. Çıxışın məzmununda üç əsas xətt xüsusilə seçilir: dövlətçilik və siyasi kursun davamlılığı, ərazi bütövlüyü və suverenlikdən sonrakı inkişaf mərhələsi, eləcə də yeni iqtisadi və geosiyasi imkanlardan istifadə.

Nitqdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, “Böyük Qayıdış”, ideoloji təhlükəsizlik, təhsil və vətənpərvərlik, nəqliyyat dəhlizləri və fəal xarici siyasət qarşıdakı dövrün əsas istiqamətləri kimi təqdim edilir. Prezident İlham Əliyevin bu çıxışı bütövlükdə Azərbaycanın postmünaqişə mərhələsində dövlət siyasətinin prioritetlərinin sistemləşdirilməsi baxımından əhəmiyyətli siyasi mənbə kimi qiymətləndirilə bilər.

Azərbaycanın güclü və müstəqil dövlət kimi inkişafı, əldə etdiyi uğurlar və beynəlxalq aləmdə qazandığı nüfuz hər birimizin qürur mənbəyidir. Bu qürur bizi doğma Vətənimizin gələcəyi naminə daha məsuliyyətli olmağa, dövlətimizin inkişafına öz töhfəmizi verməyə və milli dəyərlərimizi daim qorumağa sövq edir. Azərbaycanın uğurlu gələcəyi isə bizim həmrəyliyimizdən, vətənə sevgimizdən və dövlətçiliyimizə sadiqliyimizdən asılıdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin də dediyi kimi, biz də əminik ki, hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir.

   Azərbaycan Texnologiya Universitetinin

   Humanitar elmlər və multikulturalizm kafedrasının

  baş müəllimi Zəminə Rəsul qızı Novruzova

 

 


🌱 ATU-da yaşıl enerji və ekoloji dayanıqlıqla bağlı tədbirlər planı müzakirə olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində görüləcək işlərə həsr olunan iclas keçirilib.

ATU rektoru Yaşar Ömərovun iştirakı ilə keçirilən iclasda universitetdə yaşıl enerjinin inkişafı, ekoloji dayanıqlığın artırılması və bu istiqamətdə həyata keçiriləcək tədbirlər planı müzakirə olunub.

Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov qarşıda duran işlər və tədbirlər planının əsas istiqamətləri barədə məlumat verib.

İclasda yaşıl enerji mənbələrindən istifadənin genişləndirilməsi, ekoloji dayanıqlığın gücləndirilməsi, resurslardan səmərəli istifadə və bu istiqamətdə universitetdə həyata keçirilən və planlaşdırılan layihələrin SDG tələblərinə uyğun şəkildə sistemləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Rektor Yaşar Ömərov müəyyənləşdirilən istiqamətlər üzrə işlərin əlaqələndirilmiş şəkildə aparılması, tədbirlər planının icrası və qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı tapşırıqlar verib.

 

Günəş və külək enerjisi tələbələrin praktiki təcrübəsinə çevrilir - ATU-da tələbələr üçün alternativ enerji üzrə praktiki təlim imkanları yaradılıb

Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin bərpa olunan enerji texnologiyalarını praktik şəkildə öyrənməsi üçün yeni tədris imkanları yaradılıb. Bu məqsədlə III tədris korpusunun yaxınlığında günəş panelləri, eləcə də şaquli və üfüqi oxlu külək turbinləri quraşdırılıb. Qurğular tələbələr üçün açıq havada fəaliyyət göstərən praktik laboratoriya funksiyası daşıyır.

Layihə xüsusilə ekologiya, ekologiya mühəndisliyi, eləcə də elektrik və elektronika mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrin dərslərdə qazandıqları nəzəri bilikləri real avadanlıqlar üzərində tətbiq etməsinə, praktiki vərdiş və bacarıqlarını genişləndirməsinə imkan verir. Tələbələr burada günəş və külək enerjisinin elektrik enerjisinə çevrilməsini, sistemlərin iş prinsipini və enerji istehsalının müxtəlif mərhələlərini birbaşa qurğular üzərində müşahidə edə biləcəklər.

Günəş enerjisi sistemi hər birinin gücü təxminən 580 vatt olan panellərdən təşkil olunub. Panellərin ümumi quraşdırılmış gücü 1,6–2,2 kVt-dir. İstehsal olunan enerjidən akkumulyatorların doldurulması və invertor vasitəsilə 220 voltluq elektrik təminatı üçün istifadə olunması nəzərdə tutulur.

Külək enerjisi üzrə praktiki məşğələlər üçün isə iki müxtəlif tipli generator – şaquli və üfüqi oxlu turbin quraşdırılıb. Üfüqi oxlu turbin üç pərli konstruksiyaya malikdir, 3 fazalı dəyişən cərəyan istehsal edir və təxminən 600 vatt gücündədir. Şaquli külək turbini isə 800 vatt  gücündədir. Qurğudan akkumulyatorların doldurulması, işıqlandırma və günəş-külək hibrid enerji həllərində istifadə oluna bilər.

Qurğular tələbələrə bərpa olunan enerji sistemlərinin iş prinsipini real avadanlıqlar üzərində öyrənmək, nəzəri biliklərini praktikada sınamaq və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı verəcək.

Qeyd edək ki, ATU-da bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində ilk addımlardan biri daha əvvəl inzibati binalardan birinin üzərində 76 günəş panelindən ibarət, ümumi gücü 30,4 kVt olan sistemin quraşdırılması ilə atılıb. Yeni layihə isə bərpa olunan enerji mənbələrinin tədrisdə praktiki tətbiqinə imkan yaradır.

ATU-da su ehtiyatlarından səmərəli istifadəyə həsr olunan görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin “Gəncədə su israfı əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində tələbə və professor-müəllim heyətinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi Gəncə şəhərində su ehtiyatlarından səmərəli istifadənin təşviqi, su israfının azaldılması və ekoloji məsuliyyətli davranışların formalaşdırılmasıdır.

Tədbirdə iqlim dəyişikliyinin təsirləri fonunda dünyada, o cümlədən Azərbaycanda və Gəncə mühitində şirin su ehtiyatlarının azalması və bunun yaratdığı risklər müzakirə olunub. Su resurslarının qorunması və idarə edilməsində maarifləndirmənin, xüsusilə gənclərin prosesə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı su ehtiyatlarının səmərəli idarə edilməsi, ekoloji problemlərin qarşısının alınması və bu istiqamətdə gənclərin roluna dair fikir mübadiləsi aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.