Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində (ATU) Bədii Yaradıcılıq Mərkəzinin açılışı olub

Açılış çərçivəsində ATU-nun rektoru Yaşar Ömərov yeni yaradılan mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub, qısa zamanda dərnək və klublara qoşulan istedadlı tələbələrlə görüşüb. Rektor tələbələrin təqdim etdiyi mini konsert proqramlarını dinləyib, səhnə çıxışlarını izləyib və tələbələrin yaradıcılıq potensialını yüksək qiymətləndirib.

Yaşar Ömərov bildirib ki, mərkəzin yaradılmasında məqsəd tələbələrin yaradıcılıq potensialının inkişafı, asudə vaxtlarının səmərəli təşkili, incəsənətə marağın artırılması və sosial-mədəni mühitin formalaşdırılmasıdır.

İkinci tədris korpusunda yerləşən mərkəz peşəkar infrastrukturla təmin edilib. Burada tələbələrin professional musiqi alətləri və digər avadanlıqlardan istifadə etməsi, yaradıcılıq ideyalarını reallaşdırması üçün geniş şərait yaradılıb. 

Bədii Yaradıcılıq Mərkəzi Musiqi və vokal ansamblı, Rəqs və xoreoqrafiya klubu, Əl işləri və tətbiqi sənət dərnəyi, Ssenari və yaradıcılıq klubu, Qiraət və natiqlik klubu, Teatr studiyası kimi dərnək və klubları əhatə edir. Hazırda Bədii Yaradıcılıq Mərkəzinin müxtəlif ixtisaslarda təhsil alan 70-dən çox tələbə üzvü var. Yaradıcı mühitə həvəsi olan bütün ATU tələbələri mərkəzin dərnək və klublarına qoşularaq öz istedadlarını inkişaf etdirə bilərlər.

 

 

Göygöl Milli Parkı ATU-da ustad dərsləri təşkil edib

Azərbaycan Texnologiya Universitetində (ATU) Göygöl Milli Parkının ustad dərsləri keçirilib. Ətraf mühitin mühafizəsi kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev ekologiya və ekologiya mühəndisliyi ixtisaslarının tələbələrinin, eləcə də Eko Klub üzvlərinin qarşısında “Göygöl və Kəlbəcərin vəhşi təbiəti” mövzusu ilə çıxış edib.

Mütəxəssis Göygöl Milli Parkının yaranması tarixi, ərazinin zəngin flora və faunası, parkın mühafizə rejimi, eləcə də nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması istiqamətində həyata keçirilən dövlət proqramları barədə geniş məlumat verib.

Tədbir ATU-nun Strateji İnkişaf Planına (SİP) uyğun olaraq tələbələri müvafiq sahə üzrə mütəxəssislərin praktiki təcrübəsi ilə tanış etmək və ekoloji maarifləndirmə işlərini gücləndirmək, eyni zamanda tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, regional təbii sərvətlər barədə biliklərin artırılması, universitet–qurum əməkdaşlığının genişləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan tədris mühitinin gücləndirilməsi məqsədilə təşkil edilib.

AccessBankın ATU tələbələri üçün seminarı təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Access Bank QSC-nin əməkdaşları  tərəfindən tələbələrin maliyyə savadlılığının artırılması ilə bağlı seminar təşkil olunub.

Access Bank əməkdaşlarını auditoriyaya universitet-sənaye əlaqələri üzrə müşavir Rövşən Əliyev təqdim edib, bildirib ki, tədbirin məqsədi tələbələrin gələcək karyera inkişafına dəstək olmaq və bu sahə üzrə bilik və bacarıqların artırılmasına töhfə verməkdir. 

Seminarda Access Bankın İnsan Kapitalı departamentinin Təhsil və İnkişaf şöbəsinin rəhbəri Xumar Hüseynova və Access Bankın Partnyorluq Şöbəsinin mütəxəssisi Asiman Adıgözəlova "Maliyyə savadlılığının karyeraya təsiri" mövzusunda çıxış ediblər.

Məruzəçilər maliyyə savadlılığının şəxsi inkişaf və karyera planlaşdırılmasında rolu, düzgün maliyyə qərarlarının qəbul edilməsi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən istifadənin əhəmiyyəti barədə məlumat veriblər. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

 

 


ATU-da “Conversation Club”un növbəti görüşləri davam edir

Azərbaycan Texnologiya Universitetində (ATU) “Conversation Club” layihəsi yenidən fəaliyyətə başlayıb. Layihə çərçivəsində tələbələr həftənin I və IV günləri ingilis dilində sərbəst danışıq bacarıqlarını inkişaf etdirir, müxtəlif mövzularda interaktiv müzakirələrə qatılır və real kommunikativ mühitdə təcrübə qazanırlar.

Təlimlər ATU-nun Xarici dillər kafedrasının peşəkar müəllimləri və əcnəbi müəllimlər tərəfindən aparılır, bu isə tələbələrə müxtəlif linqvistik mühitlərdən olan mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradır.

 “Conversation Club” çərçivəsində tələbələr akademik və gündəlik mövzularda söhbətlərdə iştirak edir, interaktiv oyunlar və debatlarla bacarıqlarını sınayır, həmçinin yeni dostluqlar qurmaq imkanı əldə edirlər.

Layihənin məqsədi tələbələrin ingilis dili üzrə kommunikasiya və interaktiv ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.

 

 

 

 

Gəncə Cihazqayırma Zavodu ATU-da master-klas təşkil edib

Azərbaycan Texnologiya Universitetində (ATU) tərəfdaş sənaye qurumlarından biri olan Gəncə Cihazqayırma Zavodu (GCZ) tərəfindən akademik heyət və tələbələr üçün master-klas təşkil edilib. Tədbir iştirakçıların nəzəri biliklərinin real istehsalat prosesləri ilə əlaqələndirilməsi və müasir cihazqayırma sahəsində baş verən yeniliklər barədə məlumatlandırılması məqsədi daşıyıb.

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tələbələrinin və Maşın mühəndisliyi və logistika kafedrası əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə zavodun baş mühəndisin müavini Vasif Nəsibov “Nəzəri biliklərin praktiki vərdişə çevrilməsi” mövzusunda ətraflı təqdimatla çıxış edib. O, cihazqayırma sənayesinin hazırkı inkişaf tendensiyaları, istehsalat proseslərində tətbiq olunan müasir texnologiyalar, eləcə də mühəndislər üçün vacib olan peşə bacarıqları barədə məlumat verib. Vasif Nəsibov nəzəri hazırlığın praktik tətbiqə çevrilməsinin mühəndis peşəkarlığının formalaşmasında əsas mərhələlərdən olduğunu vurğulayaraq real istehsalat nümunələri üzərində izahlar aparıb. Tədbir auditoriya tərəfindən böyük maraqla qarşılanıb və görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, GCZ ilə ATU arasında cari tədris ilinin əvvəlində anlaşma memorandumu imzalanıb. Bir müddət sonra isə zavodda ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının filialı fəaliyyətə başlayıb. Bu filial tələbələrə istehsalat proseslərini yerində izləmək, real mühəndislik tapşırıqları üzərində işləmək və əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlar qazanmaq imkanı yaradır.

 

 

ATU-da Hüquq və İnsan Haqları İnstitutunun kitab təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Hüquqi Ekspertiza Və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxsin tabeliyində Hüquq və İnsan Haqları İnstitutunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində ərsəyə gətirdiyi “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabın təqdimatı keçirilib.

Nəşri ATU kollektivinə sözügedən qurumun İdarə Heyətinin sədr müavini Vəfaddin İbayev təqdim edib. 

Kitabda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyalarının - ordu quruculuğu, vətənpərvərlik ruhunun yüksəldilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi, "bir millət, iki dövlət" münasibətlərinin yüksək səviyyəyə çatdırılması və s. məsələlərin reallaşdırılması araşdırılaraq  təhlil edilib. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ prizmasından dəyərləndirilib, Azərbaycan Ordusunun fəaliyyətinin hüquqa uyğunluğu, beynəlxalq cinayət törətmiş təcavüzkarların cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyi əsaslandırılıb.