Azərbaycan Texnologiya Universitetində (ATU) 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirdə sosial məsələlər və ictimai əlaqələr üzrə prorektor Şahmar Həsənov, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf Mühitin Mühafizəsi kafedrasının müdiri, professor Elşad Məmmədov, kafedranın əməkdaşları – dosentlər İrşad Abbasov, Samir Mahmudov və baş müəllim Fikrət Əmiraslanov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarına əsasən, 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.
Qeyd edilib ki, hər il mülki müdafiə sahəsində beynəlxalq seminarlar və toplantılar keçirilir, mülki müdafiə qüvvə və texnikalarının sərgiləri təşkil olunur. Bu tədbirlərin əsas məqsədi əhalinin diqqətini fövqəladə hallar zamanı düzgün davranış qaydalarına yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə bacarıqlarını artırmaq, nəzəri və praktik bilikləri təkmilləşdirməkdir.
Natiqlər mülki müdafiə qaydaları barədə ətraflı məlumat verərək universitetdə mülki müdafiə qərargahının fəaliyyət göstərdiyini, eyni zamanda bu sahənin tədris prosesində xüsusi yer tutduğunu vurğulayıblar.
Azərbaycan Texnologiya Universitetində (ATU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım proqramı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ərsəyə gəlmiş “Əsirlikdə 8 gün” bədii filmi nümayiş etdirilib. Filmdə Xocalı soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrı-acısı əks olunub.
Film nümayişindən sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək Xocalı faciəsinin miqyası və tarixi nəticələri barədə danışıb. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı, o cümlədən Xocalını azad edərək şəhidlərimizin qisasını alıb. Bildirilib ki, xalqımızın qan yaddaşı heç vaxt silinməyəcək və Xocalı həqiqətləri gələcək nəsillərə çatdırılacaq.
Tədbirin sonunda II kurs tələbəsi Xədicə Qurbanlı Xocalı faciəsinə həsr olunmuş N. Məhərrəmlinin “Mənim adım uşaqdır” şeirini səsləndirib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsinin adı dəyişdirilərək Nəqliyyat və Sənaye Texnologiyaları fakültəsi adlandırılıb. Bu qərar universitetin Elmi Şurasının 25 Fevral 2026-cı il tarixli iclasında qəbul edilib.
Eyni zamanda fakültənin tərkibində fəaliyyət göstərən kafedraların adlarında da dəyişikliklər edilib. Belə ki, Yüngül Sənaye Mühəndisliyi və Dizayn kafedrası Dizayn və Sənaye Texnologiyaları kafedrası adlandırılıb. Maşın Mühəndisliyi və Logistika kafedrası isə Mexanika və Nəqliyyat Texnologiyaları kafedrası adlandırılıb.
Universitetin strukturunun optimallaşdırılması çərçivəsində həyata keçirilən yenilik fakültə və kafedraların mövcud ixtisasların tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Kino Klubunda “Vərdiş – Narkotikə yox de!” adlı maarifləndirici qısametrajlı filmin nümayişi təşkil olunub.
Film narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu zərərləri real və təsirli səhnələr vasitəsilə göstərir. Süjet gənclərin həyatına mənfi təsir edən zərərli vərdişləri əks etdirərək sağlam həyat tərzinin vacibliyini ön plana çıxarır.
Tədbir zamanı tələbələr mövzuya böyük maraq göstərib - ekran işi onların diqqətini cəmiyyət üçün aktual olan bu problemin mahiyyətinə yönəldib. Qeyd edək ki, tədbirin təşkilində məqsəd gənclərin zərərli vərdişlərdən uzaq durmasına, düzgün seçim etməsinə və sağlam gələcək qurmasına töhfə verməkdir.
Kino klubunun bu cür maarifləndirici fəaliyyətləri tələbələrdə sosial məsuliyyət hissinin inkişafına, həmçinin onların maarifləndirilməsinə və kritik düşüncə bacarıqlarının güclənməsinə xidmət edir.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Psixologiya Klubunun növbəti maarifləndirici təlimi keçirilib.
Təlimi universitetin psixoloqu Fərqanə Həsənova aparıb. O, iştirakçılarla gənclərin sağlam həyat tərzini qoruması, düzgün seçimlər etməsi və gələcək planlarını təhlükəsiz mühitdə formalaşdırması barədə faydalı biliklərini paylaşıb.
“Gələcəyimizi Birlikdə Düşünək: Narkomaniyaya ‘Yox’ deyək” mövzusunda keçirilən təlim zamanı tələbələr narkotik vasitələrin fərdi və sosial həyatlarına vurduğu mənfi təsirləri, zərərli vərdişlərdən uzaq qalma yollarını və sağlam həyat tərzinin önəmini öyrəniblər. Təlim interaktiv müzakirələr və real həyat nümunələri əsasında təşkil olunub, iştirakçıların mövzuya aktiv qatılması təmin edilib.
Qeyd edək ki, tədbirin təşkilində məqsəd tələbələrdə sosial məsuliyyət hissinin gücləndirilməsi, onların sağlam gələcək qurmaq istiqamətində maarifləndirilməsidir.