Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Yeni kafedra müdiri seçilib

Dosent Şahin Quliyev Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika  kafedrasının müdiri vəzifəsinə seçilib. 

Şahin Məmməd oğlu Quliyev 1976-cı ildə Ukrayna Respublikasının Xarkov İnşaat Mühəndisliyi İnstitutunun məzunu olub. 1979-cu ildə həmin institutun aspirantura səviyyəsini bitirib. 1981-ci ildə Xarkov Aviasiya İnstitutunda elmlər namizədi dissertasiyasını müdafiə edib. 1981-ci ildən Azərbaycan Texnologiya Universitetində fəaliyyətə başlayıb. Müxtəlif dövrlərdə assistent (1981-1992), baş müəllim (1992/93), dosent (1993/2023), Tədris şöbəsinin müdiri (2014/15),  Keyfiyyət mühəndisliyi kafedrasının müdiri (2016/2018) vəzifələrində çalışıb. 2025-ci ilin yanvarından Maşın mühəndisliyi və logistika  kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edib. 

Müxtəlif dövrlərdə Kəpəz rayon bələdiyyəsinin üzvü, hüquq və beynəlxalq əlaqələr daimi komissiyasının sədri seçilib. 

1 patentin, 70-dən çox elmi əsərin müəllifidir.

Elmi Şuranın iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr, həmçinin 2026/2027-ci tədris ili üzrə qəbul planı barədə məruzə ilə çıxış edib. 

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun, Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri v.m.i.e. Qədir Novruzovun, Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərovun və Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənlinin hesabatları dinlənilib. 
İclasda tədris-metodiki vəsaitlərin təsdiqi, struktur dəyişikliyi kimi bir sıra müxtəlif məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Texnologiya Universiteti "AD Scientific Index 2026" reytinqində ölkə üçüncüsü oldu

Azərbaycan Texnologiya Universiteti (ATU) elmi göstəricilərə əsaslanan "AD Scientific Index 2026" beynəlxalq reytinqində növbəti böyük uğura imza atıb. Universitet Azərbaycan üzrə bir pillə irəliləyərək ilk üçlükdə yer alıb, region universitetləri arasında isə liderliyini qoruyub.
 
Bu nəticələr "AD Scientific Index" platformasının Azərbaycan üzrə açıqladığı - 54 universitet və elmi institut, eləcə də 2 289 alim üzrə aparılmış geniş təhlilin yekunlarında öz əksini tapır. Reytinq universitetlərin elmi məhsuldarlıq səviyyəsi, tədqiqat göstəriciləri, elmi işlərə edilən sitatlar və alimlərin qlobal elmi nüfuzu əsasında müəyyən edilir.
 
Ölkədə universitetlərin ilk üçlüyü aşağıdakı kimi formalaşıb:
1-ci yer Bakı Dövlət Universiteti, 2-ci yer Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 3-cü yer Azərbaycan Texnologiya Universiteti
 
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti “AD Scientific Index”in daha əvvəlki reytinq cədvəlində ölkə üzrə 4-cü, region universitetləri arasında isə yenə də 1-ci yerdə idi.
 
 


ATU əməkdaşları 150-ə yaxın “Coursera” sertifikatı əldə edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşları Təhsilin İnkişafı Fondu və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin birgə təşəbüsü ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında uğurla iştirak edir. 2025-ci ilin oktyabr-noyabr aylarında baş tutan təlimlərdə ATU-nun 50 əməkdaşı 150-ə yaxın “Coursera” sertifikatı əldə edib.

Qeyd edək ki, “SOCAR”, “PashaHolding”, “bp”, “JOCAP” və “AzerconnectGroup” şirkətlərinin tərəfdaşlığı ilə baş tutan layihə üzrə 12000-dən çox kurs və təlim istifadəçilər üçün əlçatandır. 

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

 

 

Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində tələbələr təltif edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş rəsm müsabiqəsi yekunlaşıb. Yaradıcılıq baxımından fərqlənən tələbələr universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Rektor Yaşar Ömərov yer tutan tələbələri təbrik edib, onların yaradıcılıq fəaliyyətinə yüksək qiymət verərək növbəti əl işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, dizayn ixtisasının tələbələri – Aysu Əliyeva I yerə, Gülgəz Allaverdiyeva II yerə, Nazənin Quliyeva isə III yerə layiq görülüblər. Bundan əlavə, müsabiqəyə ATU-nun 3D maketi ilə qatılan tələbə Nərmin Məmmədli və “ATU Car” layihəsinin komanda üzvləri olan tələbələr Hüseyn Rəsulov, Uğur Nağıyev, Vasif Məmmədov, Ayxan Məmmədov, Məlahət Həsənova və Sədaqət İsmayılova da xüsusi təltif alıb.

Rəsm müsabiqəsinə “Zəfər”, “Vətən”, “Qəhrəmanlıq”, “Sülh” və azad olunmuş ərazilərin təbiətini əks etdirən 39 yaradıcılıq nümunəsi təqdim edilib. Əl işləri qiymətləndirmə üçün Zəfər Gününə həsr olunan Respublika Elmi-Praktik Konfransı çərçivəsində baş tutan sərgidə nümayiş etdirilib.

Sərgini rektor Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Şahmar Hacıyahyayev, “Chinar Hotel Spa Naftalan” Hotelin direktoru Murat Gözütok, Gəncə Maşınqayırma Zavodunun baş mühəndisi İldırım Quliyev və digər qonaqlar ziyarət ediblər.

 

 

 

 

Fakültələrarası futzal birinciliyi başa çatıb

Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş fakültələrarası futzal birinciliyi yekunlaşıb.

Final mərhələsində komandalar yüksək idman ruhu nümayiş etdiriblər. Nəticədə Qida mühəndisliyi fakültəsinin QM1 komandası turnirin qalibi olub. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin komandası ikinci, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə üçüncü yeri tutub.

Qalib komandalar diplom və kubokla təltif olunublar.

Qeyd edək ki, iki gün davam edən yarışlarda Qida mühəndisliyi (QM) fakültəsi iki, Avtomatika, telekommunikasiya və informatika (ATİ) fakültəsi iki, Yüngül sənaye mühəndisliyi və logistika (YSML) fakültəsi bir, İqtisadiyyat və idarəetmə (İİE) fakültəsi bir komanda ilə təmsil olunub. Yarışda həmçinin ATU-nun əcnəbi tələbələrdən ibarət yığma komandası da iştirak edib.