Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib. Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının qaldırılması ilə açıq elan olunub.

Daha sonra Ümummilli lider Heydər Əliyevin və  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov tələbələri və professor-müəllim heyətini yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, universitetdə tələbələr üçün yaradılan imkanlardan danışıb. Rektor ATU-da əmək bazarının tələblərinə cavab verən, peşəkar və rəqabətqabiliyyətli kadrların yetişdirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayaraq tələbələrə verilən fürsəti lazımınca dəyərləndirməyi tövsiyə edib.

Daha sonra YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, yeni qəbul olan tələbələrin valideynləri - şəhid anası Kəmalə Abdullayeva, qazi Mətin Abdinov çıxış edərək tələbələri yeni dərs ili münasibətilə təbrik edib. Ardınca universitetə ən yüksək balla qəbul olan Nurlan Rəhimli və qazi tələbə Şəhriyar Ələkbərli kürsüyə çıxaraq öz ürək sözlərini deyib, tələbə adının sevincini paylaşıblar.

Sonda ATU-ya fakültələr üzrə ən yüksək balla qəbul olmuş tələbələrə hədiyyələr və tələbə biletləri təqdim edilib.

ATU-da yeməkxana əsaslı təmirdən sonra istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin və professor-müəllim heyətinin rahatlığını təmin etmək məqsədilə əsas yeməkxana əsaslı təmirdən sonra yeni görkəmdə istifadəyə verilib.

Açılış mərasimində bildirilib ki, yeməkxanada yalnız interyer yenilənməyib, həm də mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, havalandırma və işıqlandırma sistemi müasir standartlara uyğunlaşdırılıb. Əlavə olaraq, mətbəx avadanlıqları yenilənib, zal yeni masa və oturacaqlarla təmin edilib, xidmət sahələri daha səmərəli şəkildə təşkil olunub.

Yeməkxana saat 08:00-dan 18:00-dək fəaliyyət göstərəcək və eyni anda təxminən 125 nəfərin qidalanmasına imkan yaradacaq.

ATU-da daha iki yeni auditoriya istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) tədris infrastrukturunun yenilənməsi və tələbələrin daha rahat şəraitdə təhsil almasının təmin olunması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə universitetdə daha iki yeni mühazirə auditoriyası istifadəyə verilib.

Yeni auditoriyalardan biri universitetin 6-cı tədris korpusunda yerləşir. 80 tələbə tutumlu bu auditoriya zəruri mebel avadanlıqları ilə tam təchiz olunub.

Digər auditoriya isə 2-ci tədris korpusunda yerləşir. 30 tələbə tutumuna malik olan bu tədris otağı da mebellə təmin edilib.

Qeyd edək ki, yeni tədris ilinə hazırlıq çərçivəsində universitetin bir sıra auditoriyalarında cari təmir işləri aparılıb, tədris otaqları yeni mebellərlə təmin edilib.


ATU-da yeni laboratoriya və ixtisaslaşmış auditoriya istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni ixtisaslaşmış auditoriya və laboratoriyanın açılışı baş tutub. Tədbirdə ATU-nun rektoru dos. Yaşar Ömərov iştirak edib. Yeni tədris otaqları ilə tanışlıq zamanı rektor bildirib ki, yeni laboratoriya və auditoriyaların yaradılması tələbələrin praktik hazırlıqlarının gücləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına imkan yaradacaq.

BP şirkətinin dəstəyi ilə istifadəyə verilən, Avtomatika və İnformasiya Texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriya iki hissədən ibarətdir. Laboratoriyanın bir hissəsi 12 kompyuter, köməkçi heyət üçün nəzərdə tutulan digər hissəsi isə 5 kompyuterlə təchiz edilib. Hər iki otaq müasir mebel avadanlıqları ilə tam təmin edilib.

Açılışı baş tutan digər otaq isə Coca-Cola şirkətinin dəstəyi ilə ərsəyə gəlib. Qida mühəndisliyi və ekspertiza kafedrasının nəzdində fəaliyyət göstərəcək auditoriya 15 noutbuk və zəruri avadanlıqlarla təchiz edilib.

ATU-da yeni Tədrisin Elektron İdarəetmə Sistemi istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsal transformasiya strategiyası çərçivəsində tədrisin keyfiyyətini artırmaq və idarəetmənin daha çevik həyata keçirməsi məqsədilə yeni nəsil Tədrisin Elektron İdarəetmə Sistemi istifadəyə verilib. Sistem “SEKOP” MMC tərəfindən hazırlanıb və universitetdə tədris prosesinin tam elektronlaşdırılmasını təmin edəcək.

Yeni platforma Kodera brendi altında fəaliyyət göstərəcək və müasir təhsil müəssisələrinin tələblərinə uyğun çoxşaxəli funksionallığa malikdir. Sistem vasitəsilə tədris materiallarının vahid mərkəzdə toplanması, imtahanların şəffaf və sürətli keçirilməsi, tələbə davamiyyətinin avtomatik izlənməsi və müəllim-tələbə əlaqəsinin gücləndirilməsi mümkün olacaq.

Kodera platformasının əsas modulları arasında müəllim və tələbə kabinetləri, elektron jurnal, təqvim sistemi, imtahan və test modulu, elektron kitabxana, daxili yazışma və qrup sistemi, elektron sənəd dövriyəsi, ofis inteqrasiyası, bildirişlər sistemi və dəstək mərkəzi yer alır.

Kodera platformasının tətbiqi universitetdə həm tədris, həm də idarəetmə proseslərində rəqəmsallaşmanı gücləndirərək, tələbələr üçün daha əlçatan və müasir təhsil imkanları açacaq.

ATU-da Tədrisin Elektron İdarəetmə Sisteminin yenilənməsi tədrisin şəffaf və çevik idarə olunmasına, tələbələrin akademik göstəricilərinin obyektiv qiymətləndirilməsinə, müəllim və tələbə arasında interaktiv ünsiyyətin inkişafına, beynəlxalq standartlara uyğun rəqəmsal təhsil mühitinin formalaşmasına şərait yaradacaq.

 

 

 

Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 2025/2026-cı tədris ili üzrə Elmi Şuranın ilk iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov və Tədrisin Təşkili və İdarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov yay imtahan sessiyasının təşkili və nəticələri, eləcə də Apellyasiya Komissiyasının hesabatına dair məruzə ilə çıxış ediblər. 

Daha sonra prorektor Sahil Həmidovun təqdimatı ilə Gənc Alimlər Şurasının Əsasnaməsi və tərkibi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun təqədimatı ilə  fənlərin pasportlaşdırılması, tədris-metodiki vəsaitlərin təsdiqi, Cəsarət Şabanovun təqdimatı ilə imtahanların keçirilməsi forması, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə texniki və bəzi inzibati vəzifələrdə yaş məhdudiyyətinin tətbiqi, diferensial əməkhaqqı sisteminin tətbiqi, ştat cədvəlində dəyişiklik, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun təqdimatı ilə tədris planlarının təsdiqi, magistr və bakalavrlar üçün yaddaş kitabçasının təsdiqi, magistr disertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları kimi məsələlər müzakirə edilərək Şura üzvləri tərəfindən müvafiq qərarlar verilib.                                                                            

İclas çərçivəsində Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri dos.Hamlet Kəsəmənli 80 illik yubileyi münasibətilə təltif edilib, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşı təltif olunub, texnika üzrə fəlsəfə doktoru Mehriban Aslanovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə texnika elmləri elm sahəsinin 3309.01 – Qida məhsullarının texnologiyası ixtisası üzrə dosent elmi adının verilməsini təsdiq edən diplom təqdim edilib.