Azərbaycan Texnologiya Universitetində (ATU) “Nar” şirkəti tərəfindən texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün karyera təlimləri keçirilib.
Tədbir tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, iş bazarına daha hazırlıqlı olmalarının təmin edilməsi və gələcək karyera perspektivlərinin genişləndirilməsi məqsədilə baş tutub.
Təlimçi qismində “Nar” əməkdaşı Toğrul Talışınski çıxış edib. Təlim proqramı “Nar”ın peşəkar heyəti tərəfindən hazırlanıb və interaktiv qaydada təşkil olunub. Proqram tələbələrə rabitə bazarında uğurlu karyera başlanğıcı üçün vacib bilik və bacarıqlar qazandırmaqla yanaşı, əsas karyera hədəflərinin müəyyənləşdirilməsi, iş müsahibələrinə hazırlıq, eləcə də müasir dövrdə aktual olan sosial media platformalarından səmərəli istifadə mövzularını əhatə edib.
Təlim ATU ilə “Nar” əməkdaşlığı çərçivəsində, Azərbaycanın telekommunikasiya bazarı üçün ixtisaslı mütəxəssis hazırlığı və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verilməsi istiqamətində həyata keçirilib.
Azərbaycan Texnologiya Universitetinin ekologiya ixtisası üzrə təhsil alan tələbələrinin bu həftə üzrə məşğələ dərsləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qərb Regional Hidrometeorologiya Mərkəzində təşkil edilib.
Məşğələ zamanı Ətraf mühitin mühafizəsi kafedrasının müəllimi Vilayət Həsənov tələbələri meteoroloji meydançada müşahidələrin təşkili, ölçü-cihaz avadanlıqlarının iş prinsipi, eləcə də müasir avtomat meteoroloji stansiyanın fəaliyyət qaydaları ilə əyani tanış edib. Daha sonra tələbələrə müşahidə otağında meteoroloji məlumatların toplanması, emalı, kodlaşdırılması və ötürülməsi prosesi barədə məlumat verilib.
Sonda Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktoru Əli Ağayev və mərkəzin əməkdaşları tələbələrə meteorologiya sahəsində görülən işlər barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, məşğələ dərslərinin müəssisələrdə təşkilində məqsəd tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsinə, peşəkar bacarıqlarının inkişafına və ixtisasları üzrə real iş prosesləri ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Azərbaycan Texnologiya Universitetində peşəkar inkişafın dəstəklənməsi məqsədilə təşkil olunan ingilis dili təlimlərində fəal iştirak edən tələbələrə sertifikatlar verilib. Strateji İnkişaf Planının (SİP) icrası çərçivəsində baş tutan və bir neçə ay davam edən təlim proqramının mənimsənilməsində fərqlənən 6 tələbə sertifikata layiq görülüb.
Proqramı uğurla başa vuran bu müdavimlər İqtisadiyyat və idarəetmə, Qida mühəndisliyi və Yüngül sənaye mühəndisliyi və logistika fakültələrinin tələbələridir. Onlara sertifikatı Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov təqdim edib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
ATU-nun rektoru Yaşar Ömərov çıxış edərək Heydər Əliyevin zəngin dövlətçilik irsinin bu gün də ölkənin inkişafının əsas dayaqlarından olduğunu bildirib. Rektor Ulu Öndərin elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğının ATU-da həyata keçirilən islahatların ilhamverici qüvvələrdən biri olduğunu vurğulayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ATU İnsan Resursları Şöbəsinin müdiri İlham Əlizadə və ATU Tələbə Gənclər Təşkilatının sədri Həsən Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası, milli həmrəyliyin möhkəmləndirilməsi və gənclərin inkişafı sahəsində gördüyü işlərdən bəhs ediblər. Anım tədbiri Ulu Öndər Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafındakı tarixi xidmətlərinin yad edilməsi ilə davam edib.
Tədbirin sonunda tələbə Xədicə Qurbanlı Ulu Öndərə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini səsləndirib.
“bp” Azərbaycan şirkəti Azərbaycan Texnologiya Universitetinə Azərbaycan dilinə tərcümə və nəşr etdiriyi daha 5 adda 100 ədəd kitab hədiyyə edib.
“Ekonometrikaya giriş. Müasir yanaşma” (Cefri M. Vuldric), “Biznes və iqtisadiyyat üçün statistika” (Devid R. Anderson, Denis C. Svini, Tomas A. Vilyams, Cefri D. Kem, Ceyms C. Kokran, Maykl C. Fray, Cefri V. Olmann), “Korporativ maliyyə: əsas prinsiplər” (Riçard A. Brili, Stüart K. Mayers və Franklin Allen), “İqtisadi idarəetmə və strategiya” (Cefri Perlof, Ceyms A. Brander), “Statistik nəticəçıxarma” (Corc Kasella, Rocer L. Berger) adlı bu yeni dərsliklər artıq ATU kitabxanasında tələbə və müəllimlər üçün əlçatandır.
Bu təşəbbüs "bp"nin ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, tələbə və müəllim heyətinin dünya elmi ədəbiyyatına daha geniş çıxışının təmin edilməsi istiqamətində həyata keçirdiyi sosial layihələrin davamıdır.
ATU olaraq göstərilən diqqət və dəstəyə görə “bp” şirkətinə təşəkkür edirik.
2025-ci il dekabrın 8-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya tarixi rəsmi səfəri çərçivəsində Bratislavada mətbuata verdiyi bəyanat — yalnız diplomatik müraciət deyil, həm də Azərbaycanın Avropa kursunun, strateji əməkdaşlıq vizionunun və regional geosiyasətə baxışlarının aydın ifadəsi oldu. Bu səfər və Cənab Prezidentin çıxışı iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Möhtərəm prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatın məzmunu ən sadə formada belə səsləndi: “Slovakiya və Azərbaycan sözün həqiqi mənasında dost ölkələr və strateji tərəfdaşlardır”. Bu ifadə sadəcə rəmzi cümlə deyil, müqavilələr, əməkdaşlıq mexanizmləri və ortaq layihələr üzərində qurulan konkret münasibətlərin təsdiqidir.
Dekabrın 8-də Bratislavada keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev və Slovakiyanın Prezidenti Peter Pellegrini həm qarşılıqlı hörmətə, həm də əməkdaşlığın çoxşaxəli mahiyyətinə dair fikirlərini bölüşdülər. Slovakiya tərəfi bu səfəri Azərbaycanla strateji tərəfdaşlığın inkişafı üçün yeni mərhələ kimi qiymətləndirdi.
Cənab Prezident Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri isə əməkdaşlığın geniş spektri oldu. O, yalnız siyasi münasibətlərin deyil, enerji, nəqliyyat-kommunikasiya, texnologiya və ticarət sahələrində də əməkdaşlığın perspektivlərinə böyük önəm verdiyini bildirdi. Bununla yanaşı Azərbaycan tərəfi öz reallığını — Avropaya qaz ixracı coğrafiyasının genişlənməsini, regional əlaqələrin uğurla davam etdiyini xüsusi olaraq qeyd etdi.
Bu səfərin geosiyasi əhəmiyyəti də diqqətdən qaçmamalıdır. Belə bir səfər, xüsusilə də Slovakiya kimi Avropa İttifaqı üzvü olan ölkədə, Azərbaycanın Avropa təhlükəsizliyi və enerji təminatı məsələlərində rəqabətə davamlı və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Yalnız dostluq deyil, strateji əməkdaşlıq deklarasiyası bu münasibətlərin əsasında duran əsas məsələ oldu.
Cənab prezidentin bəyanatı həm də Azərbaycanın xarici siyasət məntiqini əks etdirir: tam və dayanıqlı müstəqillik, qarşılıqlı hörmət, regional əməkdaşlıq və sabitlik. Bu prinsip yalnız Slovakiya ilə əlaqələr üçün deyil, Avropa və dünya arenasında Azərbaycanın daha geniş strateji rolunun ifadəsidir.
Nəticədə onu demək olar ki, İlham Əliyevin 8 dekabr 2025-ci il tarixli bəyanatı həm iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini bir daha təsdiqlədi, həm də Azərbaycanın Avropaya inteqrasiya perspektivlərinin yeni bir səhifəsini açdı. Bu səfər və mətbuata verdiyi açıqlama yalnız rəsmi protokol deyil — gələcəyə hesablanmış real diplomatik addım idi və Azərbaycan-Avropa əməkdaşlığında uzunmüddətli nəticələr üçün güclü zəmin yaratdı. Hər zaman olduğu kimi Azərbaycan xalqı öz liderinin uğurlu siyasi addımlarını alqışlayır və daim dəstəkləyir.
Şahmar Umud oğlu Həsənov
Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru