Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Şəhid bacısı Azərbaycan Texnologiya Universitetində təhsil alacaq

44 günlük Vətən Müharibəsində şəhid olmuş Amal Əhmədovun bacısı Əsmər Əhmədova 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsindən müvəffəqiyyətlə keçərək Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbəsi adını qazanıb. O, dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsilini davam etdirəcək.

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov şəhid ailəsi ilə görüşüb. Görüş zamanı Y.Ömərov şəhidlərin Vətənimizin bütövlüyü uğrunda şücaətindən, qəhrəmanlıq nümunəsindən bəhs edib. Şəhid bacısını tələbə adı qazanması münasibətilə təbrik edərək ona təhsildə nailiyyətlər və müvəffəqiyyətlər arzu edib.

Y.Ömərov universitetdə təhsil almaq üçün yaradılan şəraitdən bəhs edib, şəhid bacısının akademik nəticələri və uğurlari ilə seçiləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Amal Əhmədov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", Döyüşdə fərqlənməyə görə", Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azərbaycan Texnologiya Universitetində 2023/2024 – cü tədris ili üzrə ilk Elmi Şura keçirilib

Elmi şura sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov yay imtahan sessiyasının nəticələrini məruzə edib. Ardınca elm və innovasiya üzrə prorektor v.m.i.e. Mayıs Gülalıyevin hesabatı dinlənilib.

Sonra Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri prof. Əhəd Nəbiyevin və Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənlinin təqdimatında müvafiq kafedraların əməkdaşlarının iştirakı ilə hesabatları dinlənilib.

İclasda MBA proqramında tədris planlarının təsdiqi, imtahanların keçirilmə formasının dəyişdirilməsi, universitet strukturunun optimallaşdırılması və yeni struktur bölmələrin, eləcə də ictimai şuranın yaradılması, akkreditasiya zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Texnologiya Universitetində 2023/2024-cü tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ixtisasdan qəbul imtahanı keçirilib

İmtahan “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”ına uyğun həyata keçirilib. İxtisas imtahanında Azərbaycan Texnologiya Universitetinə sənəd təqdim etmiş, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamış, Gəncə Dövlət Universitetində (GDU) təşkil olunan fəlsəfə imtahanından məqbul qiymət almış əyani və qiyabi doktoranturaya namizəd olanlar iştirak ediblər. İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan cədvələ əsasən 11-12 sentyabr tarixlərində reallaşıb.

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i. e. dos. Yaşar Ömərovun sədrliyi ilə təşkil olunmuş komissiyalarda altı ixtisas üzrə imtahan keçirilib.

Fəlsəfə doktoru proqramı üzrə altı yerə qarşı doqquz namizəd iştirak edib. Həmin fəlsəfə doktoru proqramı üzrə dissertanturaya sənəd təqdim etmiş və xarici dil imtahanından keçid balını toplayan bir namizəd ixtisas fənnindən müsahibədə iştirak edib. İmtahanın nəticələri həmin gün namizədlərə elan olunub.


Azərbaycan Texnologiya Universitetində (ATU) sentyabrın 14-də ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələrlə tanışlıq günü keçiriləcək.

Saat 11:00-da baş tutacaq görüş hər bir tələbənin qəbul olduğu ixtisasa uyğun fakültələrdə reallaşacaq. Məqsəd yeni tələbə adını qazananları universitet həyatı ilə tanış etmək, ATU barədə ətraflı məlumat verməkdən ibarətdir.

I kurs tələbələri üçün gün boyu universitetin tarixini əks etdirən təqdimatlar təqdim olunacaq, tədris prosesi, universitetdə tətbiq olunan kredit sistemi, tələbə təşkilatları, təqaüd proqramları və digər məsələlər barədə məlumatlar çatdırılacaq.

Azərbaycan Texnologiya Universitetində yeni təyinat

Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsinə dosent Cəsarət Şabanov təyin edilib.

Cəsarət Əliheydər oğlu Şabanov 6 mart 1965-ci ildə Lənkəranda anadan olub.

Azərbaycan Dövlət Aqrar Universitetinin aqrokimya və torpaqşünaslıq ixtisasını 1993-cü ildə fərqlənmə ilə bitirib.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aspirantura təhsili aldıqdan sonra, 2001-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.


Müxtəlif illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi, Dövlət Yerquruluşu Layihə İnstitutunda torpaqşünas-mühəndis, Bakı Dövlət Universitetində (BDU) laboratoriya müdiri, baş müəllim, dosent vəzifələrində çalışıb, bunadək isə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini işləyib.

 

Azərbaycan Texnologiya Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov 2023/2024-cü tədris ilinə hazırlıqla bağlı iclas keçirib. İclasda rəhbər heyət, dekanlar, kafedra müdirləri, mərkəz və şöbə müdirləri iştirak edib.

Y.Ömərov iclas iştirakçılarını yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik edib, bakalavr və magistr qəbulunun nəticələri barədə qısa məlumat verib.

İclas zamanı dərs yüklərinin və dərs cədvəllərinin vaxtında hazırlanması, vaxtında təqdim olunması və yeni dərs ilində qarşıda duran digər məsələlərin icrası ilə bağlı tapşırıqlar verilib.

İclas çərçivəsində yeni təyinatlar - Tədris şöbəsinin müdiri dosent Cəsarət Şabanov və İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə kollektivə təqdim edilib.