Azərbaycan Texnologiya Universiteti Basketbol İnkişaf Kuboku üzrə Gəncə şəhərinin açıq çempionatının liqa yarışlarında təmsil olunacaqGəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış dekabrın 16-dan start götürəcək.Şəhərin idarə və müəssisələrinin, idman təşkilatlarının, ali məktəblərin iştirakı ilə keçiriləcək liqa yarışları may ayına qədər davam edəcək. Yarışlar Azərbaycan Texnologiya Universitetin İdman zalında təşkil olunacaq.Yekunda qalib komandalar kubok, medal, qiymətli hədiyyələr və fəxri fərmanla təltif olunacaq.
Azərbaycan Texnologiya Universitetində “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuranlar təltif edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuran universitetin 10 əməkdaşı təltif olunub.Təltifolunma tədbirində Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, Elmi Tədqiqat Mərkəzinin müdiri Qalibə Məmmədova və proqramı uğurla başa vuran əməkdaşlar iştirak edib.Yaşar Ömərov çıxışında qeyd edib ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Bildirib ki, əməkdaşların bu layihədə iştirakı universitetin startap ekosisteminin inkişafında mühüm rol oynayacaq.Tədbir çərçivəsində tələbələ startaplarının, innovativ ideyalarının inkişaf etdirilməsi ilə bağlı qarşıda duran məsələlər də müzakirə edilib.Sonda “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuran əməkdaşlar – Tural Rüstəmov, Nəbi Mehtizadə, Aqşin Hüseynov, Vüsal Bayramov, Zeynəb Qocayeva, Gülnarə Əsədova, Günay Qəhrəmanova, Günel Sultanova, Tamara Ələkbərova, Nilufər Orucovaya sertifikatlar təqdim edilib.Xatırladaq ki, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini nəzərdə tutan“Gələcək üçün bacarıqlar” layihəsi 2021-ci ilin aprel ayından həyata keçirilir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Azərbaycan Texnologiya Universiteti Şəmkirdə keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edibUniversiteti Qida mühəndisliyi fakültəsi təmsil edib. Müəllim və tələbələrdən ibarət heyət Azərbaycan Texnologiya Universiteti üçün ayrılmış stenddə universitetdə aparılan elmi tədqiqatların nəticələrini, patentləri və digər elmi nailiyyətləri nümayiş ediriblər.Sərgilənən məhsullar arasında universitetin alimləri tərəfindən tətqiq edilmiş bitki tərkibli balzamlar, şərablar, zənginləşdirilmiş çörək məmulatları yer alıb.Azərbaycan Texnologiya Universitetinin stendi sərgi ziyarətçilərinin marağına səbəb olub.
Azərbaycan Texnologiya Universitetində dosent Nazim Verdiyevin “Müştərilərlə əlaqələrin idarə edilməsində və satışda etirazlarla iş” adlı elmi seminarı təşkil edilib N.Verdiyevin məruzəsi dinlənildikdən sonra ona suallar ünvanlanıb.Çıxışlarda mövzunun aktuallığı qeyd olunub. Bildirilib ki, müəllif dərsliklərdə və proqramlarda toxunulmayan mövzunu araşdırmağa nail olub ki, bu da çox uğurlu nailiyyətdir. Əlavə edilib ki, mövzunun lazımi səviyyədə araşdırılması və praktik sorğular əsasında işlənilməsi onu daha da sanballı edir.Müzakirələrdən sonra elmi məruzə qənaətbəxş qiymətləndirilib, məruzə mətninin genişləndirilərək elmi məqalə formasında çap etdirilməsi tövsiyə olunub.
29 noyabr tarixində Azərbaycan Texnologiya Universitetində bir müddətdir vakant olan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçki keçirilib. Fakültə əməkdaşlarının iştirak etdiyi, tam demokratik və şəffaf təşkil olunan səsvermədə Kərimov Fazil Cəmil oğlu yekdil səslə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı seçilib.Fazil Kərimov 1991-ci ildə S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsinin məzunu olub. Həmin ildə Mexanizasiya və Elektrofikasiya ETİ-də baş mühasib vəzifəsində çalışıb.Pedaqoji fəaliyyətə 1996-cı ildən Rusiya Federasiyasının İdarəetmə və Biznes İnstitutunun Gəncə filialının İqtisadiyyat fakültəsində başlayıb. 1999-cu ildə iqtisad elmləri namizədi dərəcəsinə layiq görülüb. Elə həmin ildən Rusiya Federasiyasının İdarəetmə və Biznes İnstitutunun Gəncə filialında kafedra müdiri vəzifəsində çalışıb.2001-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, 2021-ci ildən isə Menecment kafedrasının müdiri vəzifələrində çalışıb.
Azərbaycan Texnologiya Universitetində 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici görüş keçirilib. Görüşdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilliyinin Gəncə Regional şöbəsinin rəhbəri Səbuhi Abbasov və QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının müdiri Afaq Əsədova iştirak edib.Onlar tələbələrə QİÇS xəstəliyi, QİÇS-in Azərbaycanda mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas həlli yolları haqqında məlumat veriblər. Bildirilib ki, QİÇS-ə yoluxmuş insanların immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulma və bu xəstəliklərin də ölümlə nəticələnir. Tələbələrə xəstəliklə bağlı hüquqi və təhlükəsizlik məsələlərinə dair əldə etdikləri məlumatları ətraflarında olan gənclərlə bölüşmək, QİÇS-lə bağlı mübarizədə aktiv olmaq tövsiyə edilib.Daha sonra tələbələr universitet ərazisində səyyar laboratoriyada könüllü müayinə edilib.Tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmaya dəstək olmaqdır. Universitet sözügedən xəstəliklə mübarizə istiqamətində tələbələrin məlumatlandırılması üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir.