Azərbaycan Texnologiya Universitetində (ATU) fakültələrdə keyfiyyət təminatı siyasətinə həsr olunmuş məlumatlandırma görüşləri təşkil olunub. Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, eləcə də İqtisadiyyat və idarəetmə fakültələrində baş tutan görüşlərdə fakültə heyəti ilə yanaşı, müvafiq kafedraların əməkdaşları da iştirak ediblər.
Görüşlərdə ATU-nun tədris və idarəetmə proseslərində keyfiyyətin yüksəldilməsi, beynəlxalq standartlara uyğun fəaliyyətin təmin olunması, eləcə də universitetin Keyfiyyət siyasəti barədə iştirakçılara ətraflı məlumat verilib, müvafiq sənəddə nəzərdə tutulan məsələlər müzakirə edilib. Qeyd olunub ki, keyfiyyət siyasətinin uğurlu tətbiqi yalnız mərkəzləşdirilmiş idarəetmə ilə deyil, həm də fakültə və kafedralarda çalışan hər bir əməkdaşın aktiv iştirakı ilə mümkündür.
Məlumatlandırma görüşlərinin keçirilməsində məqsəd universitet kollektivinin bütün üzvlərinin keyfiyyət təminatı prinsipləri barədə məlumatlılığını artırmaq, bu istiqamətdə birgə məsuliyyəti gücləndirmək və tədris prosesinin davamlı inkişafını dəstəkləməkdən ibarətdir.
BP şirkətinin Azərbaycan Texnologiya Universitetində həyata keçirdiyi “Kibertəhlükəsizlik üzrə elmi, metodiki, tədqiqat və təlim mərkəzinin (layihəsinin) təşkili” layihəsinə dair məlumatlandırma günü keçirilib.
Tədbirdə Avtomatika telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyev layihənin əsas məqsədi, kibertəhlükəsizlik mərkəzinin gələcək fəaliyyəti barədə geniş məlumat verib.
Qeyd edək ki, mərkəz ATU tələbələrinə kriptoqrafiya və kriptologiya üzrə xüsusi hazırlanmış kurikuluma əsasən təlimlərin verilməsini, Gəncə və ətraf ərazilərdə fəaliyyət göstərən dövlət və biznes müəsissələri üçün kibertəhlükəsizlik sahəsi üzrə qabaqcıl biliyə malik kadrların hazırlanmasını və həmçinin İKT sahəsində vətəndaş cəmiyyəti, biznes və dövlət orqanları nümayəndələrinə təlimlərin həyata keçirilməsini nəzərdə tutur.