Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

8 Noyabr Zəfər Gününə həsr edilmiş basketbol yarışı start götürüb

Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Basketbol Federasiyası, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri arasında 8 Noyabr Zəfər Gününə həsr edilmiş basketbol yarışı start götürüb.
 
Yarışın açılış mərasimində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov çıxış edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
 
Qeyd edək ki, oyunlar 3 gün ərzində davam edəcək. Keçirilən ilk oyunda Azəbaycan Dövlət Aqrar Universitetinin ADAU komandası Gəncə Dövlət Universitetinin GDU komandasına 22:11 hesabı ilə qalib gəlib. Azərbaycan Texnologiya Universitetinin ATU komandası isə Gəncə Dövlət Universiteti nəzdinda Regional Kollecinin komandasına 41:28 hesabı ilə qalib gəlib.
 
Bu gün baş tutan ikinci tur oyununda isə ATU komandası GDU komandasını 37:11 hesabı ilə məğlub edib. Regional Kollecinin komandası isə ADAU komandasına 16:38 hesabı ilə məğlub olub.
 
Sabah oyunun yekunu baş tutacaq. Qalib komandaya kubok və medallar təqdim olunacaq.
 

ATU kollektivi Bərdə terroru şəhidlərini yad ediblər

Azərbaycan Texnologiya Universitetinin (ATU) kollektivi Bərdə terroru şəhidlərini yad ediblər
 
Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyevin rəhbərliyi ilə müəllim və tələbələrdən ibarət kollektiv Bərdə terroru şəhidlərini yad etmək üçün 28 oktyabr tarixində Bərdə şəhərinə səfər ediblər.
 
Bərdədə törədilən terror hücumları nəticəsində 26 dinc sakin şəhid olub. Onların arasında Azərbaycan Texnologiya Universitetinin 4-cü kurs qazi tələbəsi Qalib Hacıyevin atası Fazil Hacıyev də var. Qeyd edək ki, faciə baş verən zaman Qalib ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda döyüşürdü.
 
Səfər zamanı ATU kollektivi Qalibin atasının məzarını, eləcə də raket hücumlarına məruz qalan əraziləri, bu faciədə şəhid olmuş dinc sakinlərin xatirə lövhəsini ziyarət edib, önünə gül dəstələri düzüb, faciə qurbanlarının ruhuna dualar oxuyublar.

ATU ilə İstanbul Nişantaşı Universiteti  arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İstanbul Nişantaşı Universiteti (İNU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Bu münasibətlə hər iki universitet arasında onlayn görüş keçirilib. Görüşdə ATU-nun rektoru v.m.i.e dos. Yaşar Ömərov və İNU-nun rektoru prof. İlhami Çolak əməkdaşlığın perspektivlərindən, hər iki universitet üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.
 
Görüş çərçivəsində hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb.
 
Memorandumda Texnologiya Universiteti ilə Nişantaşı Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.


Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Kollektiv Vətən uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib.

ATU tələbələri "Mingəçevir Tekstil” fabriki ilə tanış olublar

Azərbaycan Texnologiya Universitetin Yüngül sənaye mühəndəsliyi və logistika fakültəsinin III kurs tələbələri professor Cahangir Hacıyevin rəhbərliyi ilə “Mingəçevir Tekstil” MMC – yə ekskursiya ediblər.
 
Tələbələr fabrikdə ipliyin alınmasının texnoloji proseslərini əyani olaraq izləyib, müəssisə ilə tanış olaraq müşahidələrini qeydə alıblar.
 
Ekskursiya çərçivəsində müəssisənin direktoru Əli Əsədov tələbələrimizlə görüşüb, gələcəyin kadrları ilə həmsöhbət olaraq müvafiq ixtisasa tələbat, perspektiv barədə danışıb, onları gələcəkdə “Mingəçevir Tekstil”də istehsalat təcrübəsinə dəvət edib.
 
2016-cı ildən fəaliyyət göstərən "Mingəçevir Tekstil” ölkənin aparıcı iplik istehsalçısıdır. Şirkət Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edir.

ATU-nun  lV kurs tələbəsi Rəvan Eyyubov respublika turnirində bürünc medal qazanıb

ATU tələbəsi respublika turnirində bürünc medal qazanıb
 
Azərbaycan Texnologiya Universitetinin logistika və nəqliyyat texnologiyaları ixtisasının lV kurs tələbəsi Rəvan Eyyubov sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində çıxış edərək bürünc medala sahib olub.
 
Respublika turniri Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə SSR-nin əməkdar məşqçi İsax Cəfərovun anadan olmasının 95-ci il dönümü münasibətilə keçirilib.
 
Seleksiya xarakterli yarışda 80-ə yaxın idmançı iştirak edib.
 
Rəvan respublika çempionatında Gəncə komandasının heyətində təmsil olunacaq.