Azərbaycan Texnologiya Universitetinin (ATU) gənc tədqiqatçı və tələbələrdən ibarət komandası region universitetləri arasında bir ilkə imza ataraq, tam yerli imkanlarla hazırlanmış süni intellekt əsaslı ağıllı elektrik avtomobili – “ATU-Car” layihəsini ictimaiyyətə təqdim edib.
Layihənin təqdimatı “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində baş tutub. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, müxtəlif elmi institutların nümayəndələri və sənaye müəssisələrinin mütəxəssisləri iştirak edib.
Universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn “ATU-Car” yalnız mühəndislik işinin nəticəsi deyil, eyni zamanda gənc tədqiqatçıların yeni texnoloji çağırışlara cavab verə bilmə qabiliyyətini və texnologiyanın yalnız istehlakçısı deyil, yaradıcı qüvvəsi olduqlarını nümayiş etdirir. Layihə süni intellekt, alternativ enerji mənbələri və ağıllı idarəetmə texnologiyalarını bir araya gətirir.
Avtomobilin əsas texniki xüsusiyyətləri arasında günəş panelli enerji sistemi, özəl dizaynlı batareya texnologiyası, biohərəkət sensorları, GPS əsaslı naviqasiya, səs komandaları ilə idarəetmə, mexaniki və pult vasitəsilə idarəetmə, eləcə də 0-dan hazırlanmış “beyin” sistemi yer alır. Layihə ESP32 mikroprosessoru, EVO40 sürücü, iki 24V DC mühərrik və enerji optimizasiyası üçün DC-DC konverter sistemi üzərində qurulub. Avtomobil 120 kiloqrama qədər yükü hərəkətə gətirə bilir.