Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Zəfər Gününə həsr olunmuş  elmi-praktik konfransı bu gün də öz işini davam etdirib

Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” mövzusunda keçirilən respublika elmi-praktik konfransı bu gün də öz işini davam etdirib.
 
Tədqiqatçılar Qida sənayesi, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizayn, Maşınqayırma, Nəqliyyat və logistika, Metal və materiallarda innovativ texnologiyalar, Rəqəmsal iqtisadiyyat, İdarəetmənin müasir trendləri, Turizm sənayesi, Multikultural təhsil, Yaşıl iqtisadiyyat və dayanıqlı indkişaf, Dəqiq və təbiət elmlərinin müasir trendləri olmaqla 12 bölmədə onlayn və ənənəvi qaydada məruzələrlə çıxış ediblər.
 
Panellərdə maraqlı elmi diskusiyalar aparılıb, müəlliflər sertifikatlarla təltif edilib.
 
İki gün davam edən konfransın bağlanış tədbiri çərçivəsində redaksiya heyətinin fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.
 
Qeyd edək ki, 6-7 noyabr tarixlərində baş tutan respublika konfransına 3 dövlət qurumundan, 21 universitet və 8 elm müəssisəsindən ümumumilikdə 300-ə yaxın məqalə göndərilib.

8 Noyabr Zəfər Gününə həsr edilmiş rəsm və esse müsabiqələrinə yekun vurulub

Rəsm müsabiqəsinə təqdim olunan tablolar bu gün universitetin Bayraq Meydanında sərgilənib. Sərgiyə baxış keçirildikdən sonra bir ay davam edən müsabiqənin nəticələri elan olunub.
 
Hər iki müsabiqənin qaliblərinə fəxri fərmanı Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və digər rəhbər heyət təqdim edib. Y.Ömərov onları təltif edərkən bildirib ki, müsabiqələrə təqdim olunan həm rəsmlər, həm də esselər bir-birindən maraqlı olmaqla ATU tələbələrinin vətənpərlik ruhunun necə yüksək olduğunu təcəssüm etdirib.
 
Qeyd edək ki, 8 Noyabr Zəfər Gününə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri dizayn ixtisasının tələbələri Xuraman Abbasova, Günel Əliyeva, Aysel Həsənova, Aysu Məmmədovadır.
 
Esse müsabiqəsinin qalibləri isə logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının tələbəsi Leyla Rüstəmova, şərabçılıq ixtisasının tələbəsi Vəsilə Nağıyeva və magistr tələbəsi Vüsalə Baxışlıdır.

ATU-da zəfər gününə həsr edilmiş konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfransı keçirilib.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin büstü və universitet ərazisində ucaldılmış Şəhidlər abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e Yaşar Ömərov giriş sözü ilə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik işğaldan azad etməsindən və bu zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi ilə bərabər yüksək texnologiyaların rolundan danışıb, işğaldan azad olunmuş ərazilərdə ağıllı kənd, ağıllı şəhər konsepsiyası əsasında aparılan quruculuq işlərində əks olunan müasir texnoloji trendləri vurğulayaraq konfransın mövzusunun aktuallığına diqqət çəkib.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya mərkəzinin baş icraçı direktoru Fariz Cəfərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin direktoru Zaur Bayramov, “AzerGold” QSC-dən Valid Əliyev, Azərbaycan Respublikası Kosmik Agentliyin nümayəndəsi Aytən Zeynallı çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimovun təqdimatında “Sinerji və Tərəqqi: Universitet-Elm-Texnologiya-Sənayedə qarşılıqlı inkişaf trendləri” mövzusunda, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının dosenti, sənaye dizaynı üzrə elmlər doktoru İmaş Hacıyevin təqdimatında “Müasir dövrdə elm və texnologiyaların inkişafında dizaynın rolu” mövzusunda məruzələr dinlənilib.
İki gün davam edəcək konfrans plenar iclasdan sonra öz işini 12 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransın məcmuələr toplusuna 300-ə yaxın tezis daxil edilib.


ATU tələbələri Zəfər Gününə həsr edilmiş basketbol yarışının qalibi olub

Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Basketbol Federasiyası, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən 8 Noyabr Zəfər Gününə həsr edilmiş basketbol yarışının final oyunu baş tutub.
 
Həlledici oyunu Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e dos. Yaşar Ömərov və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov da izləyib.
 
Final oyununda ATU komandası ADAU komandasına 27:24 hesabı ilə qalib gələrək I yeri tutub.
 
ADAU komandası ikinci yerdə qərarlaşıb, Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecinin komandası isə yarışın üçüncüsü olub.
 
Qalib komandalara kubok, diplom və medallar təqdim olunub.

8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı intellektual yarış keçirilib

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı intellektual yarış keçirilib.
 
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
 
Dövlət himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə start götürən yarışda ümumilikdə 14 komanda öz biliyini nümayiş etdirib. Tələbələrdən ibarət komandalar Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti nəzdində Regional Kolleci, Gəncə Tibb Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Mingəçevir Turizm Kollecini təmsil edib.
 
3 turdan ibarət olan yarışda Ümummilli lider Heydər Əlliyev, Azərbaycan tarixi, Zəfər Günü, İşğaldan azad olunmuş ərazilərdə tarixi abidələr və s. mövzularda 36 sual təqdim olunub. Hər sualın cavablandırılması üçün bir dəqiqə vaxt verilib. Hər düzgün cavab bir balla dəyərləndirilib.
 
Yarışda Gəncə Dövlət Universitetinin komandası I yerə, Bakı Dövlət Universitetinin Qazax filialının komandası II yerə, Mingəçevir Dövlət Universitetinin komandası isə III yerə sahib olub.
Sonda qalib komandalar təltif olunub.

ATU tələbələri mini-futbol turnirinin qalibi olub

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə turnir keçirilib.
 
8 Noyabr Zəfər Gününə həsr edilmiş yarışda 4 komanda iştirak edib.
Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət ATU komandası yarışın bütün mərhələlərində uğur qazanıb. Bu gün baş tutan həlledici oyunda isə komandamız 4:1 hesabı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin komandasına qalib gəlib.
 
Yarışda 3-cü yeri isə Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecinin tələbələri qazanıb.