Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü və Şəhidlər abidəsi ziyarət edilib.

Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Rektor Zəfər və böyük Qayıdış proqramında yeni texnologiyaların rolundan bəhs edərək Prezident İlham Əliyevin bir neçə gün öncə - Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Azərbaycanda süni intellektin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. Universitetdə bu istiqamətdə həyata keçirilən işlərdən danışaraq tədqiqatçıların möhtərəm cənab Prezidentin çağırışlarına daha fəal qoşulacağına əminlik ifadə edib.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Şahmar Hacıyahyayev, “Chinar Hotel Spa Naftalan” Hotelin direktoru Murat Gözütok və Gəncə Maşınqayırma Zavodunun baş mühəndisi İldırım Quliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclasda ATU-nun Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Elnur Heydərovun “Şərabçılıq sənayesində müasir texnologiyalar və yanaşmalar”, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin “Maşın mühəndisliyində innovativ texnologiyaların tətbiqi: ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobili”,  Avtomatika və informasiya texnologiyaları kafedrasının doktorantı Fərid Rüstəmovun “Blokçeyn texnologiyası və onun tətbiq sahələri”, İqtisadiyyat kafedrasının doktorantı Fərhad Babayevin “Rəqəmsal iqtisadiyyat şəraitində müəssisələrin yeni idarəetmə yanaşmaları” başlıqlı məruzələri dinlənilib.

İki günlük Respublika elmi-praktik konfransı Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil, yüngül sənaye və dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid qaydada öz işini davam etdirir. 

Qeyd edək ki, konfransın məruzələr toplusuna 2 dövlət qurumu, 23 universitet və 8 elmi müəssisədən 450 yaxın tezis qəbul edilib.