Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş rəsm müsabiqəsi yekunlaşıb. Yaradıcılıq baxımından fərqlənən tələbələr universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Rektor Yaşar Ömərov yer tutan tələbələri təbrik edib, onların yaradıcılıq fəaliyyətinə yüksək qiymət verərək növbəti əl işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, dizayn ixtisasının tələbələri – Aysu Əliyeva I yerə, Gülgəz Allaverdiyeva II yerə, Nazənin Quliyeva isə III yerə layiq görülüblər. Bundan əlavə, müsabiqəyə ATU-nun 3D maketi ilə qatılan tələbə Nərmin Məmmədli və “ATU Car” layihəsinin komanda üzvləri olan tələbələr Hüseyn Rəsulov, Uğur Nağıyev, Vasif Məmmədov, Ayxan Məmmədov, Məlahət Həsənova və Sədaqət İsmayılova da xüsusi təltif alıb.
Rəsm müsabiqəsinə “Zəfər”, “Vətən”, “Qəhrəmanlıq”, “Sülh” və azad olunmuş ərazilərin təbiətini əks etdirən 39 yaradıcılıq nümunəsi təqdim edilib. Əl işləri qiymətləndirmə üçün Zəfər Gününə həsr olunan Respublika Elmi-Praktik Konfransı çərçivəsində baş tutan sərgidə nümayiş etdirilib.
Sərgini rektor Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Şahmar Hacıyahyayev, “Chinar Hotel Spa Naftalan” Hotelin direktoru Murat Gözütok, Gəncə Maşınqayırma Zavodunun baş mühəndisi İldırım Quliyev və digər qonaqlar ziyarət ediblər.