Azərbaycan Texnologiya Universitetində (UTECA) “Nəsimi ili”nə həsr edilən “Elmi nailiyyətlərin texnoloji inkişafda rolu” adlı elmi-praktik konfrans keçirilib. Respublika konfransının plenar iclasında Gəncə şəhər İcra Hakimiyyətinin və respublikanın bir sıra universitetlərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov konfransı açıq elan edərək, elm və urfan şairi İmadəddin Nəsiminin elmə verdiyi töhfələrdən danışıb. Şairə vaxtilə Ulu Öndər tərəfindən dəyər verildiyini, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin YUNESKO səviyyəsində qeyd edildiyini vurğulayıb. Hazırda isə ölkə prezidentinin sərəncamı ilə Nəsimi yaradıcılığının 650 illiyi respublika səviyyəsində qeyd edilir. Sonra iştirakçılar Nəsimi ideyalarının müasirliyini, elmdə rolunu ifadə edən videoçarxı izləyiblər. Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov çıxışlarında dahi mütəfəkkirdən söz açıb, bu gün keçirilən konfransın məhsuldar olacağını vurğulayıblar. Tədbirdə GDU-nun dosenti Sevda Əliyeva, UTECA nümayəndələri - professorlar Əhəd Nəbiyev, Bayram Bağırov, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev, baş müəllim Zəminə Novruzova müxtəlif, magistrlar Hüseyn Mərdanov, Arzu Məmmədova isə “Texnoloji inkişafda rəqəmsal marketinq”, “Süni intelektin şəbəkə trafiki sistemlərində tətbiqi” kimi mövzularla çıxış ediblər. Sonda Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, Mingəçüvir Dövlət Universitetinin tədqiqatçılarının məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb, təkliflərin dinlənilib. Qeyd edək ki, konfransın məcmuələr toplusuna 100-ə yaxın tezis daxil edilib. 560 dəfə oxunub
Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (UTECA) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub. Açılış lentini universitetin rektoru, professor Akif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyevkəsiblər. Rektor bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar. Belə ki, tədris prossesində nəzəri təlimlərlə paralel uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin 2 və 3-cü kurs tələbələrin gələcəkdə təcrübə müddətinin də Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub. Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçün yaradılmış şəraiti lazımınca dəyərləndirməyi tövsiyə edərək zavod şəraitində keçilən ilk dərs günündə uğurlar arzulayıb. Oqtay Rəfiyev və Gəncə Allüminium Kompleksinin istehsalat üzrə rəhbəri Cəmil Səfərov isə çıxışlarında tələbələrin zavodun işçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusilə yararlanacaqlarını, əsasən təcrübə xarakterli olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyini bildiriblər. 3 minə yaxın tələbəsi olan Azərbaycan Texnologiya Universiteti tədrisin keyfiyyətini yüksəltmək üçün hazırda 32 sənaye müəssisəsilə aktiv əməkdaşlıq edir. UTECA tələbələri xidmət və istehsalat sahələrini əhatəedən bu müəssisələrdə təcrübəyə cəlb edilir. Həmin müəssisələrin bir neçəsinin universitetdə müasir standartlara cavab verən tədris-təlim mərkəzləri də qurulub. Müəssisələrdə UTECA kafedralarının müvafiq filiallarının açılması prossesi isə davamlı olacaq. Məqsəd qeyri-neft sektoru sahəsi üçün yüksək ixtisaslı, müasir texnologiyalarla ayaqlaşan kadrlar yetişdirmək, tələbələrin müəssisələrdə tanıdılması və onların iş əlçatanlığının təmin edilməsidir.
Bu gün Zəngilanın işğalından 26 il ötür ərazisi: 707 kv.kməhalisi: 35 min nəfərİşğal olunmazdan əvvəl rayonda 9 məktəbəqədər müəssisə, 12 ibtidai, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub olub. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan sonuncu rayon olub. Rayon 188 şəhid verib, 44 nəfər itkin düşüb.
Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Bakı Biznes Universitetində həyata keçirilən bir günlük təlimdə iştirak edərək avropalı təhsil ekspertləri ilə müzakirələr aparıb. Müzakirələrdə mövzu əsasən Keyfiyyətin təminatı sahəsində görülən işlərin daha yüksək səviyəyə çatması üçün istifadə olunan QPR proqram təminatının universitetdə mövcud tətbiq səviyyəsi barədə olub. Silsilə şəklində Azərbaycanda və bir neçə Arvopa ölkəsində baş tutan bu təlimlər Avropa Komissiyası tərəfindən maliyələşən ERASMUS+ EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində həyata keçirilir.
Seminarda Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İ.M.Frank adına “Neytron fizikası” laboratoriyasının böyük elmi işçisi, f.f.d. Afaq Mədədzadə “Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunda İBR-2 nüvə reaktorunda aparılan ekoloji tədqiqatlar”, Azərbaycan Texnologiya Universitetinin dissertantı Şəhla Nuhuyeva isə “Hava çirkləndiricilərinin fiziki-kimyəvi monitorinqi” adlı məruzələrlə çıxış ediblər. Afaq Mədədzadə “Neytron fizikası” laboratoriyasında ətraf mühitin mühafizəsi sahəsində aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Məruzəçilər bildiriblər ki, atmosfer havasının keyfiyyətinə nəzarət insan sağlamlığının və davamlı inkişafın təmin edilməsində vacib aspektlərdəndir. Atmosfer havasının ağır metallarla və digər kimyəvi elementlərlə çirklənməsinin mamırların tədbiqi ilə biomonitorinqi isə olduqca sadə, perspektivli, effektiv və iqtisadi cəhətdən səmərəli üsullardandır. Tədqiqatların aparılmasında neytron aktivləşdirmə analizi üsulu istifadə edilir ki, məruzələrdə bu üsulun üstünlükləri vurğulanıb. Maraqlı çıxışdan sonra məruzəçilər auditoriyanın mövzuya dair suallarını cavablandırıblar.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) "Nəqliyyat xidmətləri üçün böhran vərisk mühəndisliyi” (CRENG)" layihəsinin iştirakçıları olan üç müəllimi həmkarları üçün seminar keçiblər. Layihə çərçivəsində Almaniyanın Berlin şəhərində təşkil olunan təlimlərə qatılan universitet əməkdaşları təlimlərdə qazandıqları bilik və təcrübələri layihə iştirakçısı olan digər müəllimlərlə bölüşüblər. Nicat Ağayev, Nofəl Hacıyev və Nicat Qəzənfərli CRENG Erasmus+ KA2 layihəsi çərçivəsində Berlin Texniki Universitetində keçirilən təlimlərdə müzakirə olunan məsələlər haqqında təqdimatlarla çıxış ediblər. Qeyd edilib ki, 3 illik layihənin yekununda partnyor universitetlərdə nəqliyyat logistikası magistr proqramının açılması nəzərdə tutulur ki, bunun üçün də fənn proqramları, tədris vəsaitləri və kurikulumlar birgə fəaliyyət nəticəsində hazırlanacaq. Həmçinin universitetlərdə CRENG laboratoriyasının yaradılması və bu laboratoriyaların “Anylogic” proqram təminatı əsasında işləyəcək İKT avadanlıqları ilə təchiz edilməsi də nəzərdə tutulur. Təqdimatlarda CRENG layihəsində təchizat zəncirinin yaradılması, logistika və humanitar logistika ilə bağlı nəzərdə tutulan müddəalar haqqında da danışılıb.