Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Düzgün peşə seçimi

Peşə seçimini kimyəvi reaksiyaya bənzətmək olar. Bu proses özündə 3 “maddə”, 3 hissə cəmləşdirir. Bu “kimyəvi” reaksiyanın nəticəsində isə biz uğur, özümüzə inam, sevdiyimiz və bacardığımız bir peşə əldə edirik. Üç amildən hər hansı birinin olmaması, kimyəvi reaksiyada olduğu kimi arzu olunmayan nəticəyə gətirib çıxarır. Peşə seçərkən əsas üç meyarı nəzərə almaq lazımdır: Seçdiyiniz peşə... 1. sizin üçün maraqlı olmalı; 2. sizin bacarıqlarınıza və xasiyyətinizə uyğun olmalı; 3. əmək bazarındakı tələbata uyğun olmalıdır. Peşə seçərkən əsas meyarlardan biri maraqdır. Əgər işin özü xoşa gələrsə, sahibi daha həvəslə işləyər, öz peşəkar səviyyəsini artırar, çətinliklərin öhdəsindən gəlməyə mənəvi gücü olar. Yəni maraq insana yaxşı mütəxəssis olmaq üçün təkan verən amillərdən biridir. Bu cür işini sevən peşəkar insanlar başqalarının arasında həmişə seçilir. Lakin yalnız işini sevmək yüksək səviyyəli peşəkar olmaq üçün kifayət deyil. Peşə seçiminin ikinci meyarı peşəkar yararlılıqdır. Burada hər hansı peşədə lazım olan qabiliyyət və bacarıqlar, təfəkkürün xarakteristikası və xasiyyətin müəyyən xüsusiyyətlərinin peşəyə uyğun gəlməsi nəzərdə tutulur. Təəsüflər olsun ki, insanların əksəriyyəti peşə seçimində bunları çox az nəzərə alır. Bu isə mənfi nəticəyə gətirib çıxarır. Məsələn, yaxşı səviyyədə söz təfəkkürü inkişaf etmiş abituriyent jurnalistika və ya hüquqşünas peşəsini deyil, cərrah olmağa qərar verir. Halbuki lazım olan fəza təfəkkürü onda inkişaf etməyib. Yəni çox yaxşı hüquqşünas olmağın əvəzinə orta və ya aşağı səviyyəli cərrah olur. Peşəkar cəhətdən yararlı olmayan şəxslər, adətən, istədikləri fakültəyə daxil olsalar belə, ali məktəbi göstərdikləri bütün səylərə baxmayaraq çətinliklə bitirirlər. Daha sonra bu sahə üzrə işləsələr də istədikləri səviyyədə mütəxəssis ola bilmirlər. Çünki burada tamam başqa şəxsi keyfiyyətlər lazımdır. Həmçinin burada sağlamlıq daha çox nəzərə alınmalıdır. Müəyyən xəstəliklər mövcud olduqda bəzi peşələrin seçimi ümumiyyətlə mümkün deyil və ya iş həyatı sağlamlığa mənfi təsir göstərə bilər. Bununla da peşə sahəsində peşəkar olmaqda çətinliklər törədə bilər. Məsələn, qan damarlarının genişlənməsi və ya buna meyillilik varsa, şəxsin uzun müddət ayaq üstə qalmasını tələb edən işlərlə (peşə olaraq, məsələn:saç ustası, cərrah və s.) məşğul olmaması tövsiyyə olunur. Peşəkar yararlılıq-sizə mütəxəssis olmağa, əmək bazarında həmişə “ehtiyac”duyulmağa imkan verir. Üçüncü meyar əmək bazarında tələbatın olmasıdır. Təəssüf ki, çox vaxt Azərbaycanda peşə seçərkən həmin peşə bazarında tələbatın olması və iş imkanları ilə maraqlanmırlar. Nəticədə məzunlar bir çox hallarda öz ixtisasları üzrə iş tapa bilmirlər. Çünki bu sahədə artıq kifayət qədər mütəxəssis var, vakant yerlər olsa da, orada təcrübəli , strateji olan mütəxəssislərə üstünlük verilir. Buna görə də sizin özünüzü bu sahədə sınayıb təcrübə toplamağınız çətinləşir və ya uzun  müddət tələb edir. Bu cür çətinliklərin  nəticəsində bir çox gənc kadr yenidən peşə seçimi etməyə və fərqli sahə üzrə çalışmağa məcbur olur. Lakin əgər siz seçdiyiniz ixtisası  çox sevirsinizsə və müvafiq keyfiyyətlərə maliksinizsə , bu çətinliklərin öhdəsindən gələ bilərsiniz. Unutmayın ki, hər hansısa bir peşəyə əmək bazarında tələbat az olsa belə, yaxşı peşəkara həmişə ehtiyac var. Digər tərəfdən, müəyyən peşə sahəsi üzrə formalaşmaq, təcrübə toplamaq və yaxşı mütəxəssis kimi yetişmək üçün sizə bir müddət işləmək lazımdır. Bundan başqa, 10-20 il sonra hansı peşələrə və ixtisaslara tələbatın olacağını heç kim dəqiq proqnozlaşdıra bilməz. Siz bu zaman ərzində fərqli sahələrdə özünüzü sınaya, bir peşəkar kimi özünüzü tanıya və lazım olsa, sizə yaxın olan başqa bir peşə sahəsi üzrə özünüzü yetişdirə bilərsiniz. Həmçinin  unutmayın ki, hər bir sahə ürə yeni istiqamətlər inkişaf edir. Onlarla maraqlanın. Məsələn, biologiya sahəsində mikrobiologiya və dietologiyanın kəsişməsində molekulyar dietologiya və s. kimi istiqamətlər getdikcə daha yüksək aktuallıq qazanmağa başlayıb. Sizə uyğun düzgün peşəni necə seçə bilərsiniz?  Peşəkar yararlığınızı, maraqlarınızı əvvəlcədən müəyyən edə bilərsiniz. Bunun üçün xüsusi peşəkar psixoloji testlərdən istifadə olunur. Unutmayın! Yüksək səviyyəli mütəxəssis olmaq üçün siz düzgün ixtisas seçməli, nəzarət və praktiki biliklər əldə etməli, araşdırmaya meylli olmalı, sağlam qərarlar verməli, daim öz üzərinizdə işləməli və yeniliklərə açıq olmalısınız.

 

© DİM-in e-psixoloq.az elektron portalı    

May ayında 4 gün iş olmayacaq

May ayında qeyri-iş günlərinin sayı məlum olub. Bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür. Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir. Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq. 

UTECA tələbəsi RYTN tərəfindən təltif edilib

UTECA tələbəsi RYTN tərəfindən təltif edilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının tələbəsi Ziya Məmmədli Vətən müharibəsində iştirakına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təltif edilib. Təbrik edirik!  


“Bayraktar”ın yaradıcısı Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif edib

Azərbaycan Prezidenti Selçuk Bayraktarı “Qarabağ ordeni” ilə təltif edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Görüş zamanı dövlətimizin başçısı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib, Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib. Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”. 

Soyqırımı qurbanları yad edilib

Azərbaycan Texnologiya Universitetində 31 mart soyqırımının ildonümu qeyd edilib. Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım tədbirində çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür - 1918-ci ilin 31 mart soyqırımından.  Həmin il, martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələndi. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbəri olduğu erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirdi, müsəlman ziyarətgahları yandırıldı, əhalinin əmlakı müsadirə edildi. İnsanlığa qarşı törədilən cinayət zamanı Bakının ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutub. Həmin vaxt ermənilər möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Digər çıxışçılar qeyd ediblər ki, Azərbaycanlılara qarşı başladılan soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən çox olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, Ulu Öndər Heydər Əliyev tariximizin bu qanlı səhifələrinin unudulmamasına nail olub. Müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. Dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının xatirəsinə həsr olunuş tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Ümumiyyətlə ermənilərin Azərbaycana qarşı törətdiyi sorqırımı ХVIII əsrin əvvəllərindən başlayır və geridə qoyduğumuz ilə qədər davam edib. 1992-ci ildə törədilən 26 fevral Xocalı soyqırımı, Ağdaban faciəsi, Ballıqaya qətliamı, 2020-ci ildə yaşanan Tərtər, Bərdə və Gəncə faciələri. Azərbaycan xalıq bu faciələri unutmayıb, unutmur və unutdurmayacaq.  Sonda 31 mart soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib. 

Doktorantura və dissertantura namizədlərinin onlayn müsahibəsi keçirilib

Bu gün Azərbaycan Texnologiya Universitetində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertantura qəbulunun müsahibə məhrəhələsi təşkil edilib. Müsahibə Zoom platforması üzərindən, onlayn qaydada həyata keçirilib. Xatırladaq ki, bir gün öncə Azərbaycan Texnologiya Universitetinin fəlsəfə doktoru üzrə doktorantura ixtisaslarına sənəd verən və DİM tərəfindən keçirilən “Xarici dil” fənnindən və GDU tərəfindən təşkil olunan “Fəlsəfə” imtahanından müvəffəqiyyət qazanan namizədlərin “İxtisas” imtahanı keçirilmişdi. Müsahibə komissiyasının üzvlərinin və namizədlərin iştirakı ilə həyata keçirilən müsahibədə namizədlərə ixtisaslarına uyğun suallar ünvanlanıb. Nəticələrə əsasən 4 nəfər fəlsəfə proqramı üzrə doktoranturaya, 3 nəfər fəlsəfə, 2 nəfər isə elmlər doktoru proqramları üzrə dissertanturaya qəbul edilib.