Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik! Qeydiyyat 25 sentyabr – 7 oktyabr tarixlərində ONLAYN qaydada həyata keçiriləcək. Qeydiyyat üçün aşağıdakı sənədlərin skan edilmiş və ya foto şəkil formasını ixtisaslar üzrə göstərilən mail və ya whatsapp nömrələrindən birinə göndərmək lazımdır.
➤ Attestat (və ya diplom, bu il məzun olan subbakalavrlar üçün arayış)
➤ DİM saytındakı şəxsi səhifədən çıxarış
➤ Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün)
➤ Ödənişdən azad edən sənəd (məcburi köçkün, şəhid ailəsindən olan və ya digər imtiyazlı tələbələr üçün)
➤ Şəxsiyyət vəsiqəsiAşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-34
✓ Dizayn
✓ Metallurgiya mühəndisliyi
✓ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
✓ Nəqliyyat mühəndisliyi
✓ Sənaye mühəndisliyi
✓ Kimya mühəndisliyi
Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-37
✓ Ekologiya
✓ Qida mühəndisliyi
✓ Şərabçılıq
✓ Turizm bələdçiliyi
✓ Turizm işinin təskili
Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-36
✓ Marketinq
✓ İqtisadiyyat
✓ Biznesin idarəedilmesi
✓ Mühasibat Aşağıdakı
İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-35
✓ Dövlət ve bələdiyyə idarəetməsi
✓ Mühəndis fizikası
✓ Proseslerin avtomatlaşdırılması mühəndisliyi
✓ İnformasiya texnologiyaları,
✓ Radiotexnika ve telekommunikasiya mühəndisliyi
✓ Kompyuter mühəndisliyi
QEYDLƏR: Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır; Qeydiyyatın operativ həyata keçirilməsi üçün sənədləri təqdim edərkən yuxarıda göstərilən kommunikasiya vasitəsilərindən yalnız birilə əlaqə qurmaq məsləhət görülür; Təhsil haqqının 50%-nin ödənilməsi şərtdir. Ödəniş Kapital Bankın ödəmə terminalları vasitəsilə, Azərbaycan Texnologiya Universiteti bölməsini seçməklə həyata keçirilir; Məcburi köçkün, şəhid ailəsi üzvü statusu olan tələbələrlə yanaşı 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr də təhsil haqqından azaddırlar;
Diqqət! Dərslər başlayan zaman tələbə yuxarıda qeyd edilən sənədləri özü ilə gətirərək müvafiq dekanlıqlara təqdim etməlidir. Bu zaman attestatın (və ya diplom, arayışın) əslinin, məcburi köçkün statusunu təsdiq edən sənədin isə notarial qaydada təsdiq edilmiş surətinin olması mütləqdir. Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkil isə 4 ədəd olmalıdır.
Əlaqə nömrəsi: 050-246-07-72
Məsul şəxslər: Hamlet Kəsəmənli, Ramil Vəliyev
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov 19-21 iyul 2020-ci il tarixlərində Münhendə (Bavariya) keçirilən “MÜASİR ELMİ TƏDQİQATLARIN AKTUAL İSTİQAMƏTLƏRİ” adlı I Beynəlxalq elmi və praktik konfransda “Əzəmətli-95 və Sultan buğda sortlarından ibarət un qarışığından alınan çörəyin orqanoleptik keyfiyyət göstəricilərinin dequstasiya qiymətləndirilməsinin statistik işlənməsi” adlı məqalə ilə çıxış edib və sertifikatla təltif olunub. Təbrik edirik!
Mövsümün ilk Elmi Şura iclası təşkil edilib Azərbaycan Texnologiya Universitetində yeni tədris mövsümünün ilk Elmi Şurası təşkil edilib. Onlayn qaydada həyata keçirilən iclası açıq elan edən Elmi Şura sədri, rektor Akif Süleymanov üzvləri və iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, yeni nailiyyətlər arzulayıb, ardınca gündəlikdə duran məsələlərlə tanış edib. Yay imtahan sessiyasının nəticələrini Tədris şöbəsinin müdiri Piri Axundov məruzə edib. Bildirib ki, onlayn qaydada təşkil edilən imtahanlarda 1528 tələbədən 1510 nəfər iştirak edib. 1262 tələbə imtahanlarda müvəffəqiyyət əldə edib. 131 nəfər əla, 490 tələbə əla və yaxşı, 641 nəfər qarışıq qiymətlər alıb. Qiyabi bakalavriat səviyyəsi üzrə isə 429 tələbə onlayn imtahanlara qatılıb, onlardan 311-nin nəticələri uğurlu olub. İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Zaur Əliyev yeni tədris ilində gənc müəllimlərin işə qəbulu ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, əvvəlcədən bir çox KİV-də, eləcə də universitetin rəsmi saytında və sosial şəbəkə hesablarında vakansiyaya dair elan verilib və müraciət edənlər müsahibəyə dəvət edilib. İKİEM rəhbəri aidiyyatı komisiyanın ilkin nəticələrini səsləndirib. Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev magistraturaya qəbulun vəziyyəti barədə çıxış edib. Bildirib ki, bu il Azərbaycan Texnologiya Universitetinə magistratura pilləsinə 142 nəfər qəbul olub. Onlardan 130-u qeydiyyatdan keçərək UTECA magistrı adını qazanıb. Ötən il isə 80 nəfərin magitratura pilləsinə qəbul olduğunu vurğulayan məruzəçi şura üzvlərinə bəzi doktorantların əyani təhsil növündən qiyabiyə keçirilmə ilə bağlı müraciətlərini çatdırıb. Tədris işləri üzrə prorektor Vüqar İsmayılov pandemiya dövründə tədris prosesinin təşkilinə dair ilkin təklifləri səsləndirib. Prorektor tələbələrin imtahana buraxılmamasına tətbiq olunan davamiyyət limitinin 40% olması, yaşı 65 dən yuxarı olan professor-müəllim heyətinin onlayn dərslərə cəlb edilməsi və s. kimi təkliflərlə çıxış edib. Mövzuya dair Elmi Şura sədri və üzvlərinin bir çox təklifləri, daxili tədbirlər planı müzakirə edilib. İclasda operativ nəzarət üzrə məsul şəxslər təyin edilib.
UTECA tədqiqatçıları "Web of Science" ətrafında topladı. Azərbaycan Texnologiya Universitetinin təşkilaçılığı ilə “Web of Science: Müasir alim üçün informasiya vasitələri” adlı təlim təşkil edilib. Vebinarda, Gəncədə yerləşən ali təhsil ocaqlarının 300-ə yaxın tədqiqat potensialı, “Clarivate Analytics” şirkətinin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Cəfərova, təlimçi qismində isə şirkətin regional təhsil şöbəsinin direktoru Valentin Boqorov iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən elm və təhsil qurumları 2015-ci ildən etibarən “Web of Science” elmi platformasına çıxış əldə edib. Bu Azərbaycanın tədqiqatçı və alimlərinə dünyanın ən reytinqli və nüfuzlu elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etmək imkanıyla yanaşı, alimlərimizin tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında bələdçi rolunu oynayır: “ Əas məqsəd alim və tədqiqatçılarımızın nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, onların tədqiqatçı imic və reputasiyasının gücləndirilməsi və Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsindən ibarətdir. Hazırkı təlimin də əsas məqsədi “Web of Science” platformasının əhəmiyyəti və bu barədə təməl bilikləri alim və tədqiqatçılarımıza çatdırmaqdır”, - deyə rektor qeyd edib. Vebinarda təlimçi, “Clarivate Analytics” şirkətinin regional təhsil şöbəsinin direktoru Valentin Boqorov “Web OF Science” elmi məlumat bazasının imkanları və effektiv istifadə qaydaları barədə məlumatlar verib. 2 saatdan çox davam edən təlimdə mütəxəssis uzun illərin təcrübəsinə əsaslanan bilik və bacarıqlarını iştirakçılara çatdırıb, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə Dövlət Universitetinin tədqiqatçılarının və digər elm adamlarının sullarını cavablandırıb.
Azərbaycan Texnologiya Universiteti Avropa Komissiyası tərəfindən təşkil olunan Erasmus+ KA2 - potensialın artırılması layihələrindən daha birində iştirak edəcək. Avropa komissiyası tərəfindən maliyyələşdiriləcək “Azərbaycanda Rektorlar Konfransının yaradılması” – ECAR adlı layihə 3 il müddətində həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması və bununla da universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə nail olmaqdır. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.
Beynəlxalq layihənin xarici tərəfdaşları Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universitetidir və əlaqəli tərəfdaşlar qismində Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı yer almışdır.
Koronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı, qlobal sosial-iqtisadi və humanitar təhlükələrə səbəb olub. Mütəxəssislərin “müharibə” adlandırdıqları COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu istiqamətdə beynəlxalq təşkilatlar və böyük dövlətlərdən qlobal liderlik gözlənilsə də bu baş vermədi. Beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabətə və özünü təcridə kökləniblər. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların əksəriyyəti uğursuzluqla nəticələndi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusla regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə, Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılmasının Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. Dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi, pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini də irəli sürdü. Təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev sögedən təkliflə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya “COVİD-19”-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Məlumata görə, BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq. Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi, bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.