UTECA kollektivi və deputatlar Şəhid məzunların ailələrini ziyarət ediblər UTECA kollektivi və millət vəkilləri Texnologiya Universitetinin Şəhid məzunlarının ailələrilə görüşüblər. Şəhid Kərim Əhmədəliyev 2020-ci il, Ruslan Məmmədov isə UTECA-nın 2018-ci il məzunu idi. Kərim məzun olan kimi müddətli həqiqi hərbi xidmətə yollanmışdı. Ruslan isə zabit idi. 44 günlük Vətən müharibəsində tarix yazmaq, Şəhidlik zirvəsinə ucalmaq onlara da nəsib oldu. Üç rəngli bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandırmağa vəsilə oldular. UTECA kollektivi, Gəncə və Sumqayıtdan olan millət vəkilləri Şəhidlərimizin məzarını ziyarət edib, əklil qoyub, dualar oxuyub, Şəhid valideynlərilə görüşərək həmsöhbət olublar. Görüş zamanı Şəhid məzunlarımızın diplomları ailələlərinə təqdim edilib. Bildirilib ki, Texnologiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və bütün əməkdaşları Şəhid məzunlarımızla fəxr edir. Onları yetişdirən valideynlərə minnətdar olan UTECA Şəhid məzunlarımızın simasında Vətənimizin azadlığı uğrunda canından geçən bütün oğullarımızın əziz xatirəsini daim yaşadacaq. Onların adına yarışlar, turnirlər keçiriləcək, adları əbədiləşdiriləcək.
"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 fevral - Azərbaycan Gəncləri günüdür. Azərbaycan Texnologiya Universiteti olaraq bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edirik.
Hərbçi məzun və tələbəmiz Gənclər günündə universitetimizin qonağı olub. Fuad Əliyev Texnologiya Universitetinin Qida məhsullarının texnologiyası və turizm istiqamətinin 2006-cı il məzunudur. Mirəziz İsmayılov isə nəqliyyat mühəndisliyi ixtisasımızın I kurs tələbəsidir. Onların hər ikisi 44 günlük müharibədə döyüş yolu keçib.
Tələbəmiz dəm qazından həyatını itirib Universitetimizin mühasibat uçotu ixtisasının I kurs tələbəsi Səbirə Əhmədova vəfat edib. Qazax rayonunun Daşsalahlı kəndindən olan tələbəmiz dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib. Yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin.
4 medalla təltif olunan məzunumuza diplomu təqdim edilib Tural Əliyev UTECA-nın sənayenin təşkili və idarə olunması ixtisasının 2020-ci il məzunudur. Vətən müharibəsində şücaət göstərən məzunumuza diplomu tədris işləri üzrə prorektor Vüqar İsmayılov təqdim edib. Tural Laçın uğrunda gedən döyüşlərdə yaralanıb. “Cəbrayılın azad olunmasına görə”, Qubadlının azad olunmasına görə”, Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.
28 yanvar 2021-ci il tarixində, saat 11.00-da “Zoom” üzərindən “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçiriləcək. #KOBİA-nın dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçiriləcək tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektlərinin (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, qida idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) iştirakı nəzərdə tutulur. Azərbaycan Texnologiya Universiteti (UTECA) olaraq əməkdaşlığa və dəvətə görə KOBİA və AQİSA-ya təşəkkür edirik. Forumun mövzusu Müştəriyə Yönəlmə Proqramının (MYP) uğurla icra olunduğu və bu çərçivədə 32 müəssisə ilə əməkdaşlıq edildiyi UTECA üçün maraqlı və aktualdır. Universitetimizin əsas profillərindən biri qida sənayesidir və forumda iştirakın perspektiv üçün məhsuldar olacağına ümid edirik. KOBİA və AQİSA qida sektoru iştirakçılarını onlayn forumda iştiraka və aktual məsələlərin müzakirəsinə dəvət edir.