Azərbaycan Texnologiya Universitetində yenidən formalaşdırılan Keyfiyyət Təminatı Komissiyasının ilk iclası keçirilib. 

Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidovun sədrliyi ilə keçirilən iclasda universitetin struktur bölmələrinin, fakültələrinin və tələbələrin nümayəndələri ilə yanaşı, əmək bazasını təmsil edən tərəfdaş qurumların nümayəndələri - Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev və Azəralüminium MMC-nin İstehsalatın avtomatlaşdırılması və idarə edilməsi şöbəsinin rəis müavini Təhmasib Allahverdiyev iştirak edib.

Gündəlikdə nəzərdə tutulan məsələlər barədə Keyfiyyət Təminatı şöbəsinin müdiri Arzu Əsgərov məruzə ilə çıxış edib. Müzakirələr zamanı qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyət planlarının hazırlanmasının vacibliyi qeyd olunub, müvafiq struktur bölmələrin bu prosesdə fəal iştirakının zəruriliyi vurğulanıb.

Həmçinin komissiyanın qarşıdakı fəaliyyət istiqamətləri müzakirə olunub, keyfiyyət təminatı sahəsində görüləcək işlərlə bağlı təkliflər səsləndirilib. Səsləndirilən təkliflərin bir qisminin Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasına təqdim edilməsi, digər məsələlər üzrə isə müvafiq fəaliyyət planlarının hazırlanması qərara alınıb.