Azərbaycan Texnologiya Universitetində (ATU) 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş çarx nümayiş etdirilib.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı müstəqilliyini böyük çətinliklərlə qazansa da, onun qorunub saxlanılması daha mürəkkəb və məsuliyyətli vəzifə olub. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ağır təhlükələrdən xilas edərək müstəqilliyimizin qorunmasını və möhkəmlənməsini təmin edib. Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasəti ilə əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hərtərəfli tərəqqi yolu ilə inamla irəliləyir.
Tədbirdə həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə, iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyev çıxış edərək müstəqil Azərbaycanın inkişaf yolundan, Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, ölkəmizin qazandığı uğurlardan bəhs ediblər.
Tədbir Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin çıxışları ilə davam edib. Universitetin Qida mühəndisliyi fakültəsinin II kurs tələbəsi Xədicə Qurbanlı Məmməd Arazın “Azərbaycan” şeirini səsləndirib. İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nicat Süleymanov isə “Azərbaycan” və “Sən elə bir zirvəsən” mahnılarını ifa edib.