Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tyutor hazırlığı kursunu uğurla bitirənlərə sertifikatlar verilib

Azərbaycan Texnologiya Universitetində 2023-cü ilin 27 fevral tarixindən başlayan tyutor hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə bu gün sertifikatlar təqdim edilib. Təlimlərə təkmilləşdirmə məqsədilə universitetin tyutorları da cəlb edilib. Akademik məsləhətçi statusu qazananlara sertifikatı Azərbaycan Texnologiya Universitetinin tədris şöbəsinin müdiri Raqif Hüseynov və təlimçilər təqdim edib. R.Hüseynov kursu uğurla bitirənlərə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovun təbrikini çatdırıb, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd edək ki, 3 ay davam edən kursun sonunda 6 müdavim I dərəcəli, 4 nəfər II dərəcəli, 1 dinləyici isə III dərəcəli sertifikata layiq görülüb.

 

Azərbaycan Texnologiya Universitetində (ATU) “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilib

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.Dəyirmi masada Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, universitetin hüquqşünası Müşfiq Məmmədov və digər ATU əməkdaşları, eləcə də tələbələr iştirak edib.Ş.Həsənov giriş nitqi ilə çıxış edib. Bildirib ki, hər il 18 may - 18 iyun tarixləri ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir və bu ilki aylıq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf edir. Müşavir qeyd edib ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.S.Abbasov isə tədbir iştirakçılarını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın adından salamlayaraq Ombudsman fəaliyyətinin əsas istiqamətləri haqqında məlumat verib. Bildirib ki, insan hüquqlarının pozulması ilə bağlı ünvanlanmış şikayətlər təhlil edilir, həmin hüquqların bərpası istiqamətində işlər görülür. Ali təhsil müəssisələrində hüquqi maarifləndirmə işinə böyük diqqət yetirildiyini, bu istiqamətdə insan hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb, ali təhsil müsəssilərində Tələbə Ombudsmanının yaradılması ilə bağlı fikirlər səsləndirib.Digər çıxışlarda insan hüquqların qorunması sahəsində ölkədə görülən işlər diqqətə çatdırılıb. Diskusiya şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 

 

 

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi Milli Qurtuluş Gününə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib. Film Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, xalqın qurtuluş tarixinin xronologiyasından bəhs edib.  Film izləndikdən sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov çıxış edib. Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, bu gün müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir. Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyev, Magistratura və Doktorantura şöbəsinin müdiri Ulduz Babayeva, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının dosenti İrşad Abbasov çıxış edib. Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsindən, milli qurtuluş ideologiyasının müstəqil respublikamızın davamlı inkişafındakı rolundan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan bəhs ediblər. 

 

 

 


“Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Texnologiya Universiteti (ATU), Lənkəran Dövlət Universiteti (LDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilibTədbirə Azərbaycan Texnologiya Universiteti ev sahibliyi edib. Konfrans Dövlət Himnin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov çıxış edib. Bilidirib ki, konfransın Heydər Əliyev ilində, Milli Qurtuluş Günü ərəfəsində keçirilməsində məqsəd Azərbaycanın bu günkü hərtərəfli və dinamik inkişaf yolunda irəliləməsinin məhz Ulu Öndər Heydər Əliyevin strategiyasının təntənəsi olduğuna diqqət çəkməkdir. Y.Ömərov çıxışında tarixin xronologiyasına nəzər salıb, nitqinin sonunda konfransın işinə uğurlar arzulayıb.Daha sonra Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov çıxış edərək Ulu Öndərin xalqın taleyində, dirçəlişində, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edib, Ümummilli liderin təhsil strategiyasının davamından, bu çərçivədə 3 universitet arasında əməkdaşlığın perspektivindən bəhs ediblər.Daha sonra Azərbaycan Texnologiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. i.e.d. Mayıs Gülalıyevin moderatorluğu ilə konfransın məruzələri dinlənilib.Məruzəçilər qismində ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı Zaur Məmmədov, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edib.Qeyd edək ki, tədbir hibrid qaydada təşkil olunub, hər üç universitetin tədqiqatçıları konfransı Gəncə, Lənkəran, Mingəçevir və respublikanın digər şəhərlərindən izləyə biliblər.    

 

 

 

Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıb

Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıbAzərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Üçtərəfli sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov, Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov imzalayıb.Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və.s sahələri əhatə edir.

 

 

Azərbaycan Texnologiya Universitetində magistrların dissertasiya mövzularının müdafiəsi davam edir

2022-2023-cü tədris ili üzrə 172 magistr dissertasiya müdafiəsinə buraxılıb. Müdafiə 16 iyun tarixində başlayıb və iyulun 5-dək davam edəcək. Dissertasiya müdafiəsinə akademik borcu qalmayan və ilkin müzakirədən müvəffəqiyyətlə keçən magistrlar buraxılır.