Azərbaycan Texnologiya Universitetində (ATU) "İnsan Hüquqları Aylığı" çərçivəsində Konstitusiya və Suverenlik İlinə həsr edilmiş "Dini dözümlülük və insan hüquqları" mövzusunda tədbir keçirilib. Tədbir ATU, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Ombudsmanın Gəncə Regional Mərkəzinin həmtəşkilatçılığı ilə baş tutub. 

Tədbiri Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov açıq elan edərək tələbələrə mövzunun əhəmiyyətindən bəhs edib. Bildirib ki, İnsan Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirin məqsədi insan hüquqlarının və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Daha sonra DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edib. Çıxışlarda qeyd edilib ki, hər il 18 may – 18 iyun tarixləri İnsan Hüquqları Aylığı elan edilir və bu ilki aylıq Ümummilli lider Heydər Əliyevin 102 illiyinə, Ümumdünya İnsan Hüquqları bəyannaməsinin 77 illiyinə, "İnsan hüquqlarının müdafisəinə dair Dövlət Proqramı"nın isə təsdiq edilməsinin 27 illiyinə təsadüf edir. Diskussiya şəklində davam edən tədbirdə insan hüquqlarının qorunması sahəsində görülən işlər nəzərə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda DQİDK-nın sifarişi ilə hazırlanmış "Müasir çağırışlar: birgəyaşayış nümunəsi" sənədli filmi nümayiş etdirilib.