Azərbaycan Texnologiya Universiteti XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərində uğurla təmsil olunur.

Bakı Ekspo Mərkəzində keçirilən mötəbər beynəlxalq tədbirdə universitetimizin stendində qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə elmi-tədqiqat işləri, innovativ texnologiyalar və tətbiqyönümlü layihələr təqdim olunur. Ziyarətçilər universitetin bu sahələrdə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq, eyni zamanda əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı qazanırlar.

Azərbaycan Texnologiya Universitetini sərgidə İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev və Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Elnur Heydərov təmsil edirlər. Onlar universitetin elmi potensialını nümayiş etdirməklə yanaşı, sənaye nümayəndələri ilə birbaşa təmaslar quraraq qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradırlar.

Bu fəaliyyət SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə yanaşı SDG 2 (Aclığa son) ilə də əlaqələndirilə bilər. Qida sənayesi və kənd təsərrüfatı istiqamətində elmi-tədqiqat və tətbiq yönümlü layihələrin sərgidə təqdim olunması innovativ həllərin təşviqinə xidmət edir. Belə beynəlxalq platformalar universitetin sənaye tərəfdaşları ilə əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu yanaşma aqrar və qida sahələrində dayanıqlı texnoloji inkişafın dəstəklənməsi baxımından əhəmiyyətlidir.