Azərbaycan Texnologiya Universiteti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) növbəti əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu məqsədlə İRİA nümayəndə heyətinin ATU-ya səfəri baş tutub. Səfər çərçivəsində ATU-nun rektoru Yaşar Ömərovun İRİA nümayəndə heyətini təmsil edən İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbərləri Xəyyam Məsiyev və Gülnar Mirhüseynova ilə görüşü baş tutub.

Rektor Yaşar Ömərov görüş zamanı qeyd edib ki, rəqəmsal bacarıqların inkişafı və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsi universitetin əsas prioritetlərindəndir. Rektor bu əməkdaşlığın tərəflər üçün qarşılıqlı faydalı olacağını və tələbələrin innovativ mühitə inteqrasiyasına töhfə verəcəyi vurğulayıb.

Görüş zamanı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi, ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılmasını hədəfə alan “Beyin Mərkəzi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. 

Müzakirələr zamanı ATU-da kibertəhlükəsizlik ixtisası üzrə dərslərin təşkili, müəllimlər üçün master-klassların keçirilməsi, tələbələr üçün hakatonların təşkil edilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisaslarının kurikulum və sillabuslarının yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində də müvafiq addımlar atılmasına dair qərar verilib.

Görüş çərçivəsində İRİA-nın nümayəndə heyəti ATU-nun Kibertəhlükəsizlik laboratoriyası ilə tanış olub. Tanışlıq zamanı ATU-nun Kibertəhlükəsizlik laboratoriyasının bazasında tələbələrin praktiki bacarıqlarının artırılması məqsədilə “Cyber Club”un yaradılması, burada mütəmadi olaraq onlayn və oflayn formatda “workshop”ların təşkili ilə bağlı razılıq əldə edilib.