Azərbaycan Texnologiya Universitetində (ATU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Tarixin izi ilə” adlı qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosentləri Hüseyn Budaqov, Mehriban Tağıyeva 28 May - Müstəqillik Gününə həsr edilmiş mövzularla çıxış ediblər. 

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. Tədbirdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizələrdən bəhs edilib,  XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübuta yetirdiyi, istiqlal ideyası uğrunda atılan addımların bu gün Azərbaycanı gələcəyə doğru inamla irəliyə aparan yol olduğu qeyd edilib.