Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Təmas" Regional İnkişaf İctimai Birliyinin (RİB) birgə təşkilatçılığı ilə “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.

Seminar ATU tələbələri üçün nəzərdə tutulub və iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Tədbirdə “Təmas” RİB-in sədri Südabə Məmmədova və həmsədri Kubra Ələkbərova çıxış edərək, məişət zorakılığı və insan alverinə qarşı mübarizənin əhəmiyyəti, bu sahədə görülən tədbirlər və tələbələrin maarifləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat veriblər.

Seminar iştirakçıların aktiv sual-cavab sessiyası ilə davam edib və tələbələr layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair fikir mübadiləsi aparıblar. Tədbir tələbələrin sosial məsuliyyət hissini artırmaq, insan hüquqlarının qorunması sahəsində bilik və bacarıqlarını gücləndirmək məqsədi ilə təşkil edilib.

Bu fəaliyyət SDG 5 (Gender bərabərliyi), SDG 16 (Sülh, ədalət və güclü institutlar) və SDG 4 (Keyfiyyətli təhsil) ilə sıx bağlıdır. Tələbələrin bu sahədə maarifləndirilməsi onların hüquq, təhlükəsizlik və sosial məsuliyyət mövzularında daha hazırlıqlı olmasına kömək edir. İnsan alveri və məişət zorakılığı ilə mübarizə yalnız hüquqi deyil, həm də maarifləndirici yanaşma tələb edən sahədir. Bu cür seminarlar hüquq əsaslı və həssas sosial mühitin formalaşmasına töhfə verir.