Azərbaycan Texnologiya Universitetində (ATU) yeni ixtisaslaşmış auditoriya və laboratoriyanın açılışı baş tutub. Tədbirdə ATU-nun rektoru dos. Yaşar Ömərov iştirak edib. Yeni tədris otaqları ilə tanışlıq zamanı rektor bildirib ki, yeni laboratoriya və auditoriyaların yaradılması tələbələrin praktik hazırlıqlarının gücləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına imkan yaradacaq.
BP şirkətinin dəstəyi ilə istifadəyə verilən, Avtomatika və İnformasiya Texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriya iki hissədən ibarətdir. Laboratoriyanın bir hissəsi 12 kompyuter, köməkçi heyət üçün nəzərdə tutulan digər hissəsi isə 5 kompyuterlə təchiz edilib. Hər iki otaq müasir mebel avadanlıqları ilə tam təmin edilib.
Açılışı baş tutan digər otaq isə Coca-Cola şirkətinin dəstəyi ilə ərsəyə gəlib. Qida mühəndisliyi və ekspertiza kafedrasının nəzdində fəaliyyət göstərəcək auditoriya 15 noutbuk və zəruri avadanlıqlarla təchiz edilib.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) ilə əlaqəlidir. Şirkət dəstəyi ilə yaradılan laboratoriya və auditoriyalar tələbələrin praktik hazırlığını gücləndirən müasir tədris imkanları yaradır. Tədris infrastrukturunun bu şəkildə zənginləşdirilməsi universitet-sənaye əməkdaşlığının real nəticəsini göstərir. Bu yanaşma biliklərin praktikaya çevrilməsinə və peşəkar kadr hazırlığının keyfiyyətinin artmasına xidmət edir.