Azərbaycan Texnologiya Universitetində (ATU) yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib. Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının qaldırılması ilə açıq elan olunub.
Daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov tələbələri və professor-müəllim heyətini yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, universitetdə tələbələr üçün yaradılan imkanlardan danışıb. Rektor ATU-da əmək bazarının tələblərinə cavab verən, peşəkar və rəqabətqabiliyyətli kadrların yetişdirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayaraq tələbələrə verilən fürsəti lazımınca dəyərləndirməyi tövsiyə edib.
Daha sonra YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, yeni qəbul olan tələbələrin valideynləri - şəhid anası Kəmalə Abdullayeva, qazi Mətin Abdinov çıxış edərək tələbələri yeni dərs ili münasibətilə təbrik edib. Ardınca universitetə ən yüksək balla qəbul olan Nurlan Rəhimli və qazi tələbə Şəhriyar Ələkbərli kürsüyə çıxaraq öz ürək sözlərini deyib, tələbə adının sevincini paylaşıblar.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 10 (Bərabərsizliyin azaldılması) ilə bağlıdır. Yeni tədris ilinin açılışında tələbələrə yaradılan imkanların təqdim olunması onların universitet həyatına daha inamlı başlamasına şərait yaradır. Yüksək nəticə göstərən və xüsusi statusa malik tələbələrin önə çəkilməsi motivasiya və inklüzivlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər akademik mühitdə həmrəylik və məqsədyönlü inkişaf ruhunu gücləndirir.
Sonda ATU-ya fakültələr üzrə ən yüksək balla qəbul olmuş tələbələrə hədiyyələr və tələbə biletləri təqdim edilib.