Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) birgə təşkilatçılığı, “Xəzri TN” MMC və Göygöl Şərab Zavodunun dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi forumu” keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Heydər Əliyev Mərkəzində baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub.

ATU-nun rektoru Yaşar Ömərov tədbirdə giriş sözü ilə çıxış edərək forumun əhəmiyyətindən danışıb. O bildirib ki, ənənə halını alan və artıq üçüncü dəfə keçirilən forum ölkə əhəmiyyətli platforma kimi qida sənayesi və qida təhlükəsizliyi sahəsində mütəxəssisləri bir araya gətirir. Rektor vurğulayıb ki, aparılacaq müzakirələr sahənin inkişafına, elmi nəticələrin istehsalata tətbiqinə və qida təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Seymur Mövlayev, AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva, Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün koordinatoru professor Dr. Ümran Uygun, Azərbaycan Texniki Universitetinin professoru İsa Xəlilov və Azərbaycan-İtaliya Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı professor Matteo Vittuari çıxış edərək forumun işinə uğurlar arzu ediblər.

Forum “Qida təhlükəsizliyi” və “Qida sənayesi” olmaqla iki panel üzrə işini davam etdirib.

I panel ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dosent Mehman İsmayılovun moderatorluğu ilə keçirilib. “Risklərin qiymətləndirilməsi və qida istehlakı məlumatlarının bu prosesdəki rolu” mövzusuna həsr olunan paneldə “Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov, “ATS FOOD” MMC-nin direktoru Tural Hacıyev, AQTA sədrinin müşaviri Seymur Mövlayev, “Azersun Holding”ə məxsus “Azərsüd” MMC-nin direktor müavini Seymur Həsənov və “M&T” şirkətinin laboratoriya müdiri Azadə Rzayeva çıxış edərək qida təhlükəsizliyinin aktual məsələlərini müzakirə edib, müvafiq təkliflər irəli sürüblər.

II panel isə AQTİ-nin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Vəfa Ağayevanın moderatorluğu ilə baş tutub. Paneldə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva, Türkiyə Respublikasının Hacettepe Universitetinin Qida mühəndisliyi bölümünün professoru Dr. Vural Gökmen, ADA Universitetinin əməkdaşı Mehrac Abbasov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin baş mütəxəssisi Elnurə Məmmədova çıxış edərək qida sənayesinin aktual məsələləri ətrafında müzakirələr aparıblar.

Panellərarası fasilədə tədbir iştirakçıları ATU-nun Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin konsert proqramını izləyiblər.