Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Xəzər və Baltik dənizi regionları arasında iqtisadi-siyasi inteqrasiyanın dərinləşməsi üçün mühüm yol xəritəsi olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqı məkanında etibarlı müttəfiqlərə sahib olduğunun növbəti nümayişi idi. Bu bəyanat təkcə ikitərəfli əlaqələrin gələcəyini deyil, həm də Cənubi Qafqazda yaranmış yeni reallıqların və bölgədəki dayanıqlı sülhün Avropa tərəfdaşları tərəfindən dəstəklənməsinin vacibliyini ehtiva edən tarixi bir mesaj idi. Eyni zamanda, bu səfər bir daha hər iki dövlət başçısının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Tarixi torpaqlarımızın işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra Latviyanın beynəlxalq aləmdə nümayiş etdirdiyi mövqe ölkələrimiz arasında qarşılıqlı etimadı gücləndirən əsas amildir. Məhz buna görə də, Prezident İlham Əliyev öz çıxışında Latviyanı Azərbaycanın Avropa İttifaqındakı ən yaxın və etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdi.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu xüsusi vurğulandı və Azərbaycan qazının Avropaya nəqlinin genişləndirilməsində Latviyanın maraqlı olduğu qeyd edildi. Bu əməkdaşlıq həm də Latviya üçün texnoloji tərəfdaşlıq deməkdir. Burada Latviyanın infrastruktur idarəetmə təcrübəsi ilə ölkəmizin artan ixrac imkanları birləşdikdə hər iki ölkə üçün dividend gətirən ticarət zənciri əmələ gəlir. Həmçinin unutmaq olmaz ki, son zamanlarda Avropada yaranan enerji böhranı fonunda Azərbaycan həm də qitənin enerji arxitekturasını xilas edən strateji tərəfdaşdır.
Prezidentlərin bəyanatında diqqətçəkən ən mühüm məqamlardan biri o idi ki, tərəfdaşlıq gündəliyi yalnız təbii qaz ixracı ilə məhdudlaşmır, eyni zamanda bərpa olunan enerji mənbələri və “yaşıl keçid” əməkdaşlığın yeni hərəkətverici qüvvəsi kimi təqdim olunur.
Azərbaycan və Latviya prezidentləri arasında baş tutan strateji müzakirələr regionun nəqliyyat arxitekturasında yeni bir səhifə açdı. Bu dialoqun ana xəttini təşkil edən əsas məqamlardan biri olaraq Orta Dəhlizin bu gün sadəcə xəritədə çəkilən bir xətt olmadığı, həm də qlobal ticarətin Azərbaycandan dünyaya açılan yeni və ən böyük strateji qapı olduğu vurğulandı. Azərbaycan-Latviya görüşü bu layihə əsasında Xəzərlə Baltik dənizini bir-birinə logistik olaraq bağlamaq missiyasını ortaya qoydu. Bu tarixi missiya iqtisadi dinamikası ilə seçilən Xəzər hövzəsinin və Avropanın strateji çıxış nöqtəsi olan Baltik regionunun iqtisadi taleyini birləşdirir, bütövlükdə Avrasiya qitəsinin ticarət xəritəsini yenidən formalaşdırır.
Prezident İlham Əliyevin görüş çərçivəsində Cənubi Qafqazda sülh məsələsinə də münasibət bildirməsi onu göstərdi ki, Azərbaycanın sülhə münasibəti təkcə regionda müharibənin olmaması deyil, həm də əsaslı inkişafın başlaması, dinamik şəkildə davam etməsi, eləcə də, Cənubi Qafqazı “gərginlik ocağından” “əməkdaşlıq adasına” çevirməkdir. Bu layihənin ən mühüm tərəflərindən bir də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən kommunikasiyaların açılmasıdır. Bu məsələdə Azərbaycan Prezidentinin mövqeyi dəyişməzdir: “Davamlı sülh, ərazi bütövlüyünün qarşılıqlı tanınması, iqtisadi inteqrasiya”.
Görüş əsnasında Latviyanın rəqəmsal transformasiya və yaşıl texnologiyalar sahəsindəki zəngin təcrübəsinin olması nəzərə alınaraq, Azərbaycanda həyata keçirilən “Ağıllı” yaşayış məskənləri layihələrinin gələcəyin modern yaşayış standartlarına çevrilməsində əsas hərəkətverici qüvvələrdən biri ola bilməsi vurğulandı. Bu sahədə Latviya şirkətlərinin iştirak edə bilməsi də müzakirə mövzusuna çevrildi və hətta regionun minalardan təmizlənməsində Latviyanın texniki dəstək göstərməyə hazır olduğu da xüsusi qeyd edildi.
Görüşdə təhsil və innovasiya sahəsinə də münasibət bildirildi. Azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almağa olan maraqları iki dost ölkə arasındakı münasibətlərin intellektual əsasını təşkil edir.
Azərbaycanla Latviya arasındakı münasibətlər təkcə iqtisadi, siyasi tərəfdaşlıqla məhdudlaşmır, bu əlaqələrin kökündə həm də mədəni, mənəvi dəyərlər dayanır. Məlumdur ki, hər iki ölkə öz tarixinə, milli kimliyinə və dəyərlərinə ehtiramla yanaşır. Mədəniyyət dialoqu – birgə sərgilər, festivallar, kino, teatr günləri - xalqların bir-birini yaxından tanımasına, ortaq dəyərlər tapmasına imkan yaradır.
Beləliklə, Azərbaycan və Latviya arasında qurulan dialoq bir daha sübut edir ki, müasir dünyada iqtisadi və siyasi tərəfdaşlığa heç bir məsafə əngəl deyil. Hər iki ölkə başçısının mətbuata verdiyi açıqlamalar bir daha sübut edir ki, Azərbaycan və Latviya münasibətləri möhkəm təməllər üzərində qurulub və sarsılmazdır. Eləcə də, Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi sülh ölkəmizi bütün dünya üçün davamlı firavanlığın və sarsılmaz etibarın rəmzinə çevirir.
Azərbaycan Texnologiya Universitetinin
Humanitar elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Novruzova