Azərbaycan Texnologiya Universiteti (ATU) ölkədə ali təhsil müəssisələri arasında bir ilkə imza ataraq süni intellekt əsaslı "ATU-Bot" Rəqəmsal Təhsil Bələdçisini istifadəyə verib.

Universitetin İnnovasiya Mərkəzi tərəfindən hazırlanmış "ATU-Bot" tələbələrə akademik sahədə suallarını cavablandırmaq, faydalı tövsiyələr vermək və təhsil prosesində istiqamət göstərmək imkanına malikdir. Həmçinin, proqram abituriyentlər üçün də faydalıdır. "ATU-Bot" onlara topladıqları ballara əsasən müxtəlif illərin plan yerlərini, müsabiqə və keçid ballarını müqayisə edərək ən uyğun ixtisas seçimlərini göstərir, araşdırma əsasında müəyyən tövsiyələr verir.

Rəqəmsal Təhsil Bələdçisi universitetin rəsmi atu.edu.az veb saytına inteqrasiya olunub.

Universitetin Strateji İnkişaf Planı və rəqəmsallaşma siyasətinə uyğun olaraq hazırlanan bu yeniliyin məqsədi tələbələrin akademik suallarına cavab tapmasını asanlaşdırmaq, məlumat əldə etmə prosesini sürətləndirmək və abituriyentlərə sərbəst seçim imkanı yaratmaqdır.