10 noyabr 2021-ci il tarixində Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilib.Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynelxalq biznes universitetlər birliyinin məsul nümayəndələri tədbirdə iştirak edib. Tədbirdə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov çıxış edərək sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət, Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıblar. Eyni zamanda, Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknyte-Petreikiene Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirib. İ.Juknyte-Petreikiene nəticələrə əsasən Azərbaycan universitetlərində mövcud vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.Daha sonra Mykolas Romeris Universitetinin prorektoru Prof. Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında geniş məzmunda çıxış edib.