Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin peşəkar inkişafına və sənaye ilə əlaqələrinin gücləndirilməsinə dəstək məqsədilə “AzerGold” QSC-nin seminarı təşkil olunub.
Seminarda universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev, “AzerGold"un İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov, Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri Niyar Əmiraslanova, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə çıxış edən Qaffar Məmmədov "AzerGold"un fəaliyyət istiqamətləri, tətbiq olunan istehsal texnologiyaları və insan resurslarının idarə olunması sahəsindəki yeniliklər barədə geniş məlumat verib. O, həmçinin “AzerGold”da mütəxəssis qəbulu ilə bağlı prosedur qaydalarını iştirakçıların diqqətinə çatdırıb, müəllim və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, seminar ATU ilə “AzerGold” QSC arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair fəaliyyət planı çərçivəsində təşkil olunub və bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədləri ilə əlaqəlidir. Sənaye nümayəndələrinin universitet mühitinə inteqrasiyası tələbələrin real istehsal prosesləri haqqında biliklərini genişləndirir. İnsan resurslarının idarə olunması və texnoloji yanaşmaların təqdimatı peşəkar bacarıqların formalaşmasına şərait yaradır. Bu isə təhsil ilə sənaye arasında effektiv körpü rolunu oynayır.