ATU tələbələri arasında ilk dəfə reallaşan süni intellekt hakatonu universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin texnologiyalarına addım” devizi altında keçirilib.

Tədbirdə Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov çıxış edərək yarışın əhəmiyyətindən, süni intellektin yeni nəsil mütəxəssislərin formalaşmasında oynadığı roldan və tələbələrin innovativ düşüncə tərzinin dəstəklənməsinin vacibliyindən danışıb. Daha sonra ATU-nun müəllim və tələbələri tərəfindən hazırlanmış animasiyalar nümayiş etdirilib.

Tədbirin qonağı Gəncə STEAM Mərkəzinin koordinatoru Mətləb Əliyev ATU mütəxəssislərindən ibarət münsiflər heyətinin tərkibinə iştirak edib. Yarış iştirakçıları texnoloji həllər, animasiya və oyun mövzuları üzrə komandalar şəklində mübarizə apararaq süni intellekt və innovativ yanaşmalar əsasında öz ideyalarını təqdim ediblər. Qiymətləndirmədə ümumilikdə 18 komanda iştirak edib. 

Animasiya kateqoriyası üzrə “ANA” layihəsi, Texnoloji həllər kateqoriyası üzrə “GENO” layihəsi və Oyun kateqoriyası üzrə isə “Black ops Z” layihəsi qalib olub. Qaliblər komandalar müvafiq diplom və hədiyyələrlə təltif ediliblər.

ATU-da “Aİ Hackathon 2025” yarışının keçirilməsində əsas məqsəd tələbələrin süni intellekt imkanlarından səmərəli istifadə bacarıqlarını artırmaq, layihə hazırlanması prosesində mentor dəstəyi təqdim etmək, eləcə də qısa müddətdə verilən tapşırıqlar əsasında kreativ və funksional həllər ortaya qoymaq bacarıqlarını inkişaf etdirməkdir.

Tədbir komanda işinin, innovativ düşüncənin və rəqabət mühitinin gücləndirilməsi baxımından tələbələr üçün mühüm təcrübə olub.