Azərbaycan Texnologiya Universitetində (ATU) Kapital Bank mütəxəssislərinin kibertəhlükəsizlik mövzusunda təlimləri keçirilib. Təlim ATU-nun aktiv tərəfdaşlarından olan Kapital Bankın ölkə üzrə təşkil etdiyi maarifləndirici “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində baş tutub.
Təlimlərdə Kapital Bank-ın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər.
Bank nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılması qeyd edilib. Həmçinin, vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə özünü dələduzlardan qoruya bilər. Təlimin yekununda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, tələbə və əməkdaşların gündəlik həyatda rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri tərəfindən auditoriyanın sualları cavablandırılıb.