Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlıq siyasi dialoqla yanaşı, iqtisadiyyat, təhlükəsizlik, enerji, təhsil və texnologiya sahələrini də əhatə edir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında 12 noyabr 2026-cı ildə Dublin şəhərində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələdir. Əvvəlki dostluq və əməkdaşlıq sənədlərinin davamı olan bu Bəyannamə iki ölkə arasında strateji tərəfdaşlığın yeni prioritetlərini müəyyənləşdirir.

Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət əsas siyasi prinsiplər kimi təsbit olunur. Sənəddə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar dəstəklənir. Bu yanaşma regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında diplomatik əməkdaşlığın əhəmiyyətini göstərir. Müdafiə potensialının gücləndirilməsi, ümumi təhlükələrə qarşı mübarizə, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahəsində əməkdaşlıq da tərəfdaşlığın mühüm istiqamətlərindəndir.

İqtisadi əməkdaşlıq Bəyannamənin əsas prioritetlərindən birini təşkil edir. Tərəflər ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində birgə təşəbbüslərin təşviqini nəzərdə tuturlar. Xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə əməkdaşlıq ölkəmizin Şərq-Qərb iqtisadi əlaqələrində strateji mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.

Enerji sahəsində tərəfdaşlıq ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafını, yaşıl maliyyələşdirməni və aşağı karbonlu texnologiyaların tətbiqini də əhatə edir. Eyni zamanda, maliyyə bazarları, ticarət maliyyəsi və kiçik və orta biznesin inkişafı üzrə əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya bu istiqamətdə əməkdaşlığın əlaqələndirilməsi üçün mühüm institusional platforma rolunu oynayır.

Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri də təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın inkişafıdır. Ali və peşə təhsili, elmi tədqiqatlar, rəqəmsal bacarıqlar və müasir texnologiyalar üzrə təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi, xüsusilə süni intellekt, rəqəmsal idarəetmə və innovasiya sahələrində birgə təşəbbüslər üçün yeni imkanlar yaradır. Bu baxımdan sənəd Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq akademik əlaqələrinin və elmi potensialının inkişafı üçün də əhəmiyyətlidir.

Bəyannamədə müəyyənləşdirilən istiqamətlərin həyata keçirilməsi konkret layihələrin hazırlanmasını, müvafiq dövlət və özəl qurumlar arasında koordinasiyanı, eləcə də institusional əlaqələrin davamlılığını tələb edir. Xüsusilə investisiya, elmi tədqiqat və texnoloji inkişaf sahələrində real nəticələrin əldə olunması maliyyə, insan kapitalı və təşkilati imkanların səmərəli səfərbər edilməsindən asılıdır. Buna görə də sənədin əhəmiyyəti yalnız müəyyən etdiyi siyasi prioritetlərlə deyil, onların praktik nəticələrə çevrilməsi ilə qiymətləndirilməlidir.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələsini müəyyən edən Birgə Bəyannamə ənənəvi siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, rəqəmsal transformasiya, yaşıl enerji, innovasiya və insan kapitalının inkişafını da vahid strateji çərçivədə birləşdirir. Sənəd ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat və enerji potensialının artırılması, eləcə də təhsil və elm sahələrində beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından mühüm perspektivlər yaradır. Tərəfdaşlığın uzunmüddətli səmərəsi isə müəyyənləşdirilmiş prioritetlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsindən asılı olacaqdır.

Azərbaycan Texnologiya Universiteti

Humanitar elmlər və multikulturalizm kafedrasının

müəllimi  Həsənov Şahmalı Qnyaz oğlu