12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın əsl demokratiya və hüquq bayramıdır. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.

1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsas qanun qəbul etməyə vaxt tapmamışdı. 28 may 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi dövlətin əsas siyasi-hüquqi prinsiplərini müəyyən etsə də, parlamentin fəaliyyəti dövründə bir sıra mühüm qanunvericilik aktları qəbul edilsə də, dövlətin ali hüquqi qüvvəyə malik daimi Əsas Qanunu – Konstitusiya qəbul edilməmişdi. AXC-nin əsas strateji hədəflərindən biri ümumi və demokratik seçkilər əsasında Azərbaycan Konstitusiya Məclisini (Məclis-Müəssisanı) çağırmaq və ölkənin daimi Konstitusiyasının məhz həmin Məclis tərəfindən qəbul edilməsini təmin etmək idi. Dövlət quruculuğu prosesində ciddi çətinliklərlə, ağır hərbi-siyasi mübarizə və sərhəd münaqişələri ilə üzləşən gənc respublika 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi nəticəsində bu strateji məqsədini həyata keçirə bilmədi. SSRİ dövründə qəbul edilən sovet konstitusiyaları isə ideoloji çərçivələrə və totalitar rejimin tələblərinə xidmət edirdi. Yalnız müstəqilliyin bərpasından sonra sözün əsl mənasında həqiqi milli, demokratik və müstəqil Əsas Qanunun qəbul edilməsi tarixi zərurətə çevrildi.

1991-1993-cü illərdə dərin böhran fonunda dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ictimai-siyasi sabitliyi bərpa etdi və müstəqil dövlətçiliyin təməlini qoydu.

1995-ci ilin 12 noyabrında keçirilən ümumxalq referendumu xalqın sarsılmaz iradəsinin təzahürü idi ki, həmin referendumda da seçicilərin 90 faizdən çoxu müstəqil Azərbaycanın ilk Konstitusiyasının lehinə səs vermişdi. Dövlətin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası həmin ilin 27 noyabrından etibarən  qüvvəyə minmişdir.

Ulu Öndər Heydər Əliyevin həmin ilin 15 dekabrında imzaladığı Fərmana əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmiş, bu günün ölkəmizdə təntənəli şəkildə qeyd edilməsi isə 1996-ci il 1 noyabr tarixli Fərmana əsasən qərara alınmışdır. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 1998-ci ildən etibarən – Əsas Qanunun qəbulundan sonra fəaliyyətə başladı və ölkəmizin hüquq sistemində insan hüquqlarının qorunmasının və qanunların aliliyinin təminatçısına çevrildi.

Dəyişən sosial-siyasi reallıqlar fonunda ölkə Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmiş,  xüsusilə 2016-cı il dəyişikliyi ilə idarəetmə sistemində Birinci vitse-prezidentlik institutu yaradılmışdır.

Konstitusiyanın 48-ci və 25-ci maddələrinin birbaşa insan hüquqları və onların təminatlarına həsr olunması, dövlətimizin ali məqsədinin məhz vətəndaş hüquqlarının qorunmasından ibarət olduğunu bir daha sübut edir. Beynəlxalq hüquqi sənədlərə müvafiq olaraq bu normalar ölkəmizdə yaşayan hər bir vətəndaşın hüquq və azadlıqlarını etibarlı şəkildə qoruyur: “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir”.

Prezident İlham Əliyevin də  bu xüsusda qeyd etdiyi kimi: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə... söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət bu gün də uğurla davam etdirilir, Azərbaycan vətəndaşının rifahı və sosial təminatları mütəmadi olaraq gücləndirilir.  

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə qazanılmış tarixi Zəfər və bundan 3 il sonra, məhz sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazilərdə tam bərpa edilməsi Ali Qanunumuzun hüquqi qüvvəsinin hər bir qarış torpağımızda bərqərar olmasını təmin etdi. Vətən müharibəsinin 5-ci ildönümü, Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyev 2024-cü ilin 28 dekabrında imzaladığı Fərmana əsasən 2025-ci ili Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik ili elan etmişdir ki, məhz bu qərar da Azərbaycanın hüquqi qüdrətinin və ərazi bütövlüyünün ayrılmaz birliyinin ifadəsi idi.

Azərbaycan Respublikasının Konstitusiyası sadəcə hüquqi sənəd deyil, xalqımızın milli kimliyinin, azadlıq əzminin və dövlətçilik təfəkkürünün ən ali ifadəsidir. Bu gün suveren və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin qətiyyətli siyasətinə əsaslanaraq, Konstitusiyanın aliliyi altında daha parlaq gələcəyə doğru inamla irəliləyir.

Azərbaycan Texnologiya Universiteti

Humanitar elmlər və multikulturalizm kafedrasının

baş müəllimi Zəminə Rəsul qızı Novruzova