Azərbaycanın zəngin tarixi-mədəni irsində Kəlbəcər rayonunun xüsusi yeri vardır. Rayonun əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və qədim yaşayış məskənləri burada müxtəlif tarixi dövrlərdə zəngin maddi-mədəniyyət nümunələrinin formalaşmasına şərait yaratmışdır. Bu baxımdan Xudavəng monastr kompleksi orta əsr memarlığının, dini həyatın və mədəni əlaqələrin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir.

Tərtər çayının sol sahilində, dağlıq ərazidə yerləşən kompleks tarixi mənbələrdə Xudavəng, Xotavəng və Dadivəng adları ilə tanınır. Abidənin yerləşdiyi coğrafi mühit, memarlıq quruluşu və tarixi tikililəri onun regionun orta əsrlər mədəniyyət tarixində mühüm mövqeyə malik olduğunu göstərir.

Xudavəng kompleksinin tarixi inkişaf mərhələləri və Xudavəng monastrının yaranma tarixi ilə bağlı elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Kompleksin ilkin formalaşması erkən orta əsrlərlə əlaqələndirilsə də, onun memarlıq baxımından inkişafı xüsusilə XII–XIII əsrlərdə geniş vüsət almşıdır.

Orta əsrlərdə kompleks dini, ictimai və mədəni fəaliyyətin mühüm mərkəzlərindən biri kimi çıxış etmişdir. Burada müxtəlif dövrlərdə kilsələr, yardımçı tikililər və monastr təsərrüfatına aid obyektlər inşa edilmişdir. Kompleksin tikinti mərhələlərinin müqayisəli təhlili regionun siyasi, sosial və dini tarixinin araşdırılması üçün mühüm material verir.

XIII əsrə aid Arzu Xatun kilsəsi kompleksin ən əhəmiyyətli memarlıq nümunələrindəndir. 1214-cü ilə aid edilən bu tikili özünün memarlıq kompozisiyası, daş işləmələri və dekorativ elementləri ilə diqqəti cəlb edir.

Memarlıq xüsusiyyətləri və bədii tərtibat baxımından Xudavəng monastr kompleksi orta əsr xristian memarlığının mühüm nümunələrindən biri hesab olunur. Kompleksin memarlıq quruluşunda dini tikililərin məkan təşkili, daş hörgü texnikası, günbəz sistemləri, fasad kompozisiyaları və dekorativ elementlər xüsusi yer tutur.

Abidənin memarlıq xüsusiyyətlərinin tədqiqi zamanı aşağıdakı məsələlər diqqətəlayiqdir:

1.     Tikililərin konstruktiv və kompozisiya xüsusiyyətləri;

2.     Daş üzərində işlənmiş ornament və xaç təsvirləri;

3.     Memarlıq elementlərinin tarixi dövrlər üzrə dəyişməsi;

4.     Divar rəsmləri və epiqrafik nümunələrin elmi təhlili;

5.     Kompleksin təbii relyef və ətraf landşaftla əlaqəsi.

Xüsusilə daş kitabələr və dekorativ elementlər abidənin tarixi xronologiyasının dəqiqləşdirilməsi, sifarişçilərin və inşaatçıların müəyyənləşdirilməsi baxımından mühüm mənbələrdir.

Xudavəngin tarixi-mədəni irsinin tədqiqi göstərir ki,  Xudavəng kompleksinin elmi araşdırılması Azərbaycan tarixinin, xüsusilə Qafqaz Albaniyasının dini və memarlıq irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Abidənin dini-mədəni mənsubiyyəti məsələsi Azərbaycan və erməni tarixşünaslığında fərqli elmi yanaşmalarla izah olunur. Azərbaycan elmi və rəsmi yanaşmasında kompleks Qafqaz Albaniyasının xristian irsi kontekstində qiymətləndirilir. Erməni tarixşünaslığında isə Dadivank adı ilə erməni xristian irsinin nümunəsi kimi təqdim edilir.

Bu səbəbdən abidənin tarixi mənsubiyyətinin araşdırılmasında ideoloji yanaşmalardan uzaq, mənbəşünaslıq, arxeoloji, epiqrafik və memarlıq təhlillərinə əsaslanan kompleks tədqiqat metodlarının tətbiqi zəruridir. Tarixi kitabələrin paleoqrafik təhlili, tikinti mərhələlərinin müəyyənləşdirilməsi və müqayisəli memarlıq araşdırmaları bu istiqamətdə mühüm elmi nəticələr verə bilər.

Abidənin qorunması və gələcək tədqiqat istiqamətlərinə nəzər salsaq görərik ki, Xudavəng monastr kompleksinin qorunması yalnız bir memarlıq abidəsinin mühafizəsi deyil, həm də regionun çoxqatlı tarixi yaddaşının gələcək nəsillərə çatdırılması deməkdir.

Bu istiqamətdə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunur: Abidənin tarixinin ilkin mənbələr və müqayisəli tədqiqatlar əsasında öyrənilməsi, tarixi kitabələrin rəqəmsal kataloqunun yaradılması, tikililərin texniki vəziyyətinin monitorinqi, kompleksin ətraflı memarlıq və arxeoloji inventarlaşdırılması, konservasiya və bərpa tədbirlərinin beynəlxalq elmi prinsiplərə uyğun həyata keçirilməsi.

Nəticə olaraq deyə bilirik ki, Xudavəng monastr kompleksi Kəlbəcərin və bütövlükdə Azərbaycanın zəngin tarixi-mədəni irsinin mühüm nümunələrindən biridir. Onun memarlıq quruluşu, tarixi kitabələri, dekorativ elementləri və yerləşdiyi coğrafi mühit orta əsrlər dövründə regionda mövcud olmuş dini və mədəni proseslərin araşdırılması üçün geniş imkanlar yaradır.

Kompleksin elmi əsaslarla tədqiqi, tarixi-memarlıq xüsusiyyətlərinin sənədləşdirilməsi və qorunması Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, Qafqazın ümumi mədəni irsinin mühafizəsi baxımından da əhəmiyyətlidir. Xudavəngin tarixi əhəmiyyətinin obyektiv elmi metodlarla araşdırılması onun gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına xidmət edir.

 

 Azərbaycan Texnologiya Universiteti

Humanitar elmlər və multikulturalizm

kafedrasının dos.əv

Mehriban İmran qızı Tağıyeva