Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
Daha sonra Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrlə bağlı çıxış edib.
Ardınca sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun hesabatı dinlənilib.
Daha sonra strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov Strateji İnkişaf Planına dəyişiklik edilməsi barədə təqdimatla çıxış edib.
İclasda İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə Nizam-intizam və etika komissiyasının tərkibinin yenidən formalaşdırılması, universitetdə bəzi vəzifələr və struktur bölmələr üzrə yaş həddi ilə bağlı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qaydalara, eləcə də ştat cədvəlinə dəyişiklik edilməsi təkliflərini təqdim edib.
Gündəlikdə yer alan digər məsələlər sırasında Tədris-Metodiki Şuranın sədri Şahmar Həsənovun təqdimatı əsasında tədris-metodiki vəsaitlərin təsdiqi məsələsinə də baxılıb.
Bununla yanaşı, İqtisadiyyat kafedrasının əməkdaşı Xatirə Qurbanovaya dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması məsələsi səsverməyə çıxarılıb.
İclasda gündəlikdəki məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.